İdman 20:15 26.01.2022

"Başakşehir"in Mahir Emreli üçün təklif etdiyi məbləğ açıqlandı

Türkiyənin "Başakşehir" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Polşa "Legiya"sına təklif göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu özünün tviter səhifəsində paylaşım edib. O, İstanbul təmsilçisinin Varşava klubuna 750 000 avro təklif etdiyini yazıb.

Daha əvvəl Türkiyə mətbuatında "Başakşehir"in 25 yaşlı hücumçu ilə anlaşdığı bildirilib.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.