Siyasət 14:34 30.09.2020

Bayden debatlarda Trampı "Putinin küçüyü" adlandırdı

Seçkiöncəsi debatı zamanı "Demokratlar”dan prezidentliyə namizəd Co Bayden ölkənin hazırkı prezidenti Donald Trampı "Putinin küçüyü” adlandırıb.


Qaynarinfo xəbər verir ki, Bayden çıxışı zamanı vitse-prezident olduğu dövrdə "Putinlə qarşıdurmaya girdiyini", Trampınsa "Putinin küçüyü" olduğunu və Rusiya hərbi kəşfiyyatının Əfqanıstandakı Amerika əsgərlərinə hücumlara görə Talibançılara mükafat təklif etməsi ilə bağlı xəbərləri nəzərdə tutaraq "Amerika əsgərlərinin başlarına mükafat qoyulması haqda Putinə heç nə deyə bilmədiyini" vurğulayıb.


Seçicilərin niyə Trampdan daha çox Baydenə üstünlük verməli olduqları ilə bağlı suala cavab olaraq siyasətçi Trampın rəhbərliyi altında amerikalıların "zəiflədiyini, kasıblaşdığını, daha qaraqabaq və daha qəddarlaşdıqlarını" deyib.


Baydenlə Tramp arasında ilk debat Klivlenddə baş tutub.


Qeyd edək ki, ABŞ-da prezident seçkisi 3 noyabrda keçiriləcək.

 

Alpər