"Dönüş 1” MMC Bayıl qəsəbəsinin Qurban Abbasov 42 küçəsindəki mənzilləri qəzalı vəziyyətə salıb.
Bu barədə Qaynarinfo-ya həmin ünvanda yaşayan Nəsir Məmmədli bildirib. Onun və bir neçə ailənin yaşadığı mənzil hazırda təhülkəli vəziyyətdədir.
"Evimizi başımıza uçururlar. "Dönüş 1” MMC ərazidə ağır texnika ilə söküntü işləri aparır. Biz də düz söküntünün ortasında qalmışıq. Evimiz qəzalı vəziyyətə düşüb, burada yaşamaq təhlükəlidir. Məndən başqa daha bir ailə eyni vəziyyətlə üzləşib. Digər evlər söküntü ərazisindən bir qədər kənarda olsa da, onlar üçün də ciddi problemlər yaranıb. "Dönüş 1” MMC buranı cəhənnəmə döbdərib”, - deyə vətəndaş əlavə edib.
Nəsir Məmmədli deyib ki, şirkətin rəhbərliyi kompensasiya ödəməmək üçün, yaxud az ödəmək üçün məqsədli şəkildə evləri qəzalı vəziyyətə salır:
"Dəfələrlə özünü şirkətin rəhbəri kimi təqdim edən şəxslərlə təmaslarımız olub. Kompensasiya vermək istəmirlər. Hər yerdə də iddia edirlər ki, guya biz çox pul istəyirirk. Halbuki heç bizə vermək istədikləri məbləği açıqlamayıblar. Deyirlər evin 57 kvadratmetrdir, mən də deyirəm buyurun ölçün. Mənə nə düşürsə onu verin, artıq pul istəmirəm. Amma bunlar öz bildiklərini edirlər. Aydın şəkildə hiss olunur ki, kompensasiya vermək istəmirlər. İstəyirlər ki, bizi bezdirsinlər”.
Nəsir Məmmədlinin sözlərinə görə, iş məhkəməyə qədər gedib çıxıb və o, qalib gəlib. Vətəndaş bildirib ki, Səbail Rayon İcra Hakimiyyəti də onları müdafiə edir:
"Çünki "Dönüş 1” MMC açıq-aşkar qanunsuzluq edir. İcra hakimiyyəti bizi müdafiə etsə də, bu şirkətə heç kimi gücü çatmır”.
"Dönüş 1” MMC ilə bağlı apardığımız araşdırmalar zamanı ortaya maraqlı faktlar çıxıb. Şirkətin himayədarları kim iki şəxsin adı hallanır. Bunlardan biri Milli Məclisin vitse-spikeri Adil Əliyev, digəri isə deputat Ülvi Quliyevdir. Adil Əliyevin şirkətə bağlılığı barədə mətbuatda da yazılıb. Məsələn, bir neçə il əvvəl "Virtualaz.org” saytında dərc olunan "Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: "Bir də gördük evin damını uçururlar…” başlıqlı məqalədə şirkətin Adil Əliyevə bağlı olduğu iddia edilib:
"Dönüş 1” MMC-nin rəhbəri Əli Həsənovu əvvəllər dəllal kimi tanıyıblar. Həmin şəxs bir neçə il əvvəl Qurban Abbasov küçəsində 13 evin yerləşdiyi məhəlləni satın alıb. İlk söküntü də həmin məhəllədən başlayıb. Virtualaz.org araşdırıb ki, həmin MMC Milli Məclisin deputatı Adil Əliyevə bağlıdır”.
Məqalədə adı hallanan Əli Həsənov "Uniklinika”nın rəhbəridir. Bu klinikanın da Adilə Əliyevin nəzarətində olduğu barədə mediada yazılıb.
Adil Əliyev isə özü "Dönüş 1” MMC-yə bağlılığı barədə modern.az-a açıqlamasında bunları deyib:
"Ölkədə çox adam tanıyıram. Bu o demək deyil ki, o insanları tanıdığıma, hörmət etdiyimə görə mənə hansısa aidiyyatı var. Bu gün çox adam bu cür problemlərlə üzləşir. Nazirlər Kabinetinin qərarını icra edən şirkətlər bu tipli məsələlərlə çox rastlaşırlar. "Pilot layihə”ləri o iş adamlarının layihələri ilə səhv salırlar. Ona görə də insanları da, həmin şirkətləri də başa düşürəm”.
Şikayətçi Nəsir Məmmədli şirkətin Adil Əliyevə aid olması barədə məlumatlı olmadığını deyib:
"Adil Əliyevin bu şirkətə bağlı olduğunu deyə bilmərəm. Amma deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə mənimlə görüşüb. Əgər şirkətə aidiyyatı olmasaydı, niyə mənimlə görüşürdü?".
Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Dönüş 1” MMC-nin adına rast gəlinmir. Bu, şirkətin hətta vergi orqanında qeydiyyatdan keçmədiyinə şübhə yaradır.
Reyestr məlumatlarında "Dönüş 2” MMC adlı şirkətə rast gəlinir ki, bu, tamamilə başqa kommersiya qurumudur.
Nəsir Məmmədli də bildirib ki, məhkəmə sənədlərində şirkətin adı "Dönüş 1” MMC kimi qeyd olunub:
"Dönüş 2” MMC başqa şirkətdir. Əgər bu şirkət olsaydı, məhkəmə sənədlərində adı "Dönüş 1” MMC kimi qeyd olunmazdı. Hər halda bunlar rəsmi sənədlərdir. Bir məsələni də diqqətiniz çatdırım ki, məhkəmədə şirkətin rəhbəri kimi Quliyev İlkin Bəxtiyar oğlu adlı şəxs göstərilib. Bu şəxsin kimliyi barədə heç bir məlumatım yoxdur”.
"Dönüş 1” MMC ilə bağlı açıq mənbələrdə də hər hansı məlumata rast gəlinmir. Şirkətin nə telefonu, nə ünvanı barədə məlumat yoxdur.
Məsələ ilə bağlı Adil Əliyev və Ülvi Quliyevlə əlaqə saxlamağa cəhd etsək də, onlarla danışmaq mümkün olmadı.
Seyid
Şərhlər