Seymur Baycan
Sənət 11:19 29.05.2015

Bayquşların söhbəti

Seymur Baycan

Əslində, ümumi götürəndə, böhran xeyrimizədir. Bir müdrik insan var. Deyir ki, pulun verdiyi istiliyi ölçmüşəm. Qırx bir dərəcə istilik verir. Hər adam bu istiliyə dözə bilmir. Bu qənaətə necə gəldiyini müxtəlif əhvalatlarla əsaslandırır. Əhvalatlardan biri də budur ki, bir adamın əlinə qəfildən pul keçibmiş. Özünü itirib. 41 dərəcə istiliyə dözə bilməyib. Caşıb. Basıb əzirmiş.  Gözü ayağının altını görməyib.  

Hər yerdə pulun başına yığışan adamlar var. Bu adamın da başına yığışıblar. Başlayıblar adamı tərifləməyə. Adam da bu tərifə layiq olduğunu düşünüb. Buna əmin olub. Bir gün pul əldən çıxıb. Tərif deyənlərin hərəsi bir tərəfə dağılıb. Adam kədərlənib. Başlayıb dostluğun olmaması haqqında segahlara qulaq asmağa. Şərq didaktikasına müraciət etsək, burdan belə bir nəticə hasil olur. İnsan həm də elə bir dəyərlərə sahib olmalıdır ki, bu dəyərlər iqtisadi böhranlar zamanı  onun əlindən çıxmasın. Bu da təbii ki, mənəvi dəyərlərdir. 

Lap çoxdan şərq kitabələrindən birində belə bir əhvalat oxumuşdum. Söhbət bir insanın dəryada var-dövlətinin batmasından  gedirdi. Orda deyilirdi ki, adam həm də elə bir şeylərə sahib olmalıdır ki, dəryada batmasın. Bu da elmdir, mərifətdir, yaxşılıqdır... Bu kimi odda yanmaz, suda batmaz şeylərdir. 

"Qafqaz günləri” adlı yazıda ötən əsrin əvvəlində baş verən hadisələrdən bəhs etmişdik. İndi isə gəlin öz zəmanəmizdən danışaq. Neftdən gələn pul hamını çaşdırmışdı. Adamlar reallıq hissini itirmişdilər. Camaatımız düşünmək qabiliyyətindən məhrum olmuşdu. Düzdü, ölkədə elə insanlar var ki , neftin qiymətinin qalxmasının ya düşməsinin onlara heç bir dəxli yoxdur. Hallarına təfavüt eləmir. Bəzən əyalətlərdə elə insanlara rast gəlirsən ki, ürəyin sıxılır. Ona görə yox ki, o, sənin dilində danışır, sənin millətindəndir, müsəlmandır, ona görə ki, ümumiyyətlə insanın belə yaşaması , belə aciz  vəziyyətə düşməsi biabırçılıqdır. 

Bu nədir? Danışdığımız nağıllara nə qədər uyğundur? Regionun lider dövlətinin vətəndaşı beləmi yaşamalıdır? Yaxud böyük keçmişə, böyük mədəniyyətə mənsub bir xalqın nümayəndəsi niyə belə ağlamalı vəziyyətdədir?  Ümidsiz , inamsız, qorxaq... Bəzən maşınla gedirsən. Aralıda bir kənd görünür. Bilirsən ki, orda adamlar çox çətin vəziyyətdə yaşayırlar. Dayanacaqda isə bir adam, iki adam   dayanıb bu kəndə gedən maşın, avtobus gözləyir. Biz bu adamlardan, belə adamlardan danışmırıq. Onlar yoxdurlar. Onları kifayət qədər yaxşı tanıyıram, həyatlarına bələdəm. 

Hərbi xidmətdə də onlardan çox görmüşəm. Biri var idi, eşitmirdi. Rəsmən eşitmirdi. Gətirmişdilər əsgərliyə. Biri isə saatı bilmirdi. Biri isə Nizami Gəncəvini tanımırdı. Bu kimi fərqliliklilərindən çox nümunələr yazmaq olar. Ehtiyac yoxdur. Bir az müşahidə qabilliyəti olanlar onları tanıyırlar. Biz başqa adamlardan danışırıq. O adamlardan ki, öz adlarının qarşısında başqa bir ad da qoyulub. Düşünməyə iddialıdırlar. Alimdirlər, həkimdirlər, müəllimdirlər, yazıçıdırlar, siyasətçidirlər,  biznesmendirlər... İndi kütləvi  etirafların şahidiyik. Zatən əvvəllər də adamların hər şeyi bilməsi aydın idi. 

Biz kimə nə başa salırdıq? Bəyəm bu ölkədə yaşamırlar? Uşaqları məktəbə getmir? Orduya əsgər göndərmirlər? Ölkədə yaşayıb ölkənin reallığından necə xəbərin olmaya bilər? Ya sən ruh kimi yaşayırsan, ya da mövcud şərtlər sənə sərf edir. Ürəyincədir. Əvvəllər oxucularla çox görüşürdüm. Onda söhbət zamanı adamlar açıq-aydın deyirdilər ki, siz nə bilirsiniz, biz daha çox bilirik. O zaman düşünürdüm, əgər biz bu adamlardan az biliriksə, onda onlara  nəyi başa salmaq istəyirik? 

Elələri var idi ki, ümumiyyətlə o adamların yanında heç nə danışmaq olmurdu. İndi həmin adamlar sənin dediyindən beş qat artığını deyirlər. Baş verən hadisələrə münasibət niyə belə dəyişdi? Niyə birdən birə bu adamlar həyəcanlandılar, narahat oldular? Pul adamları özlərindən çıxarmışdı. İndi böhran onları həyatla cırmaqlaşmağa, hərəkətlərini ölçüb-biçməyə vadar etməlidir. Sistem çox sadə idi. Hakimiyyət beşdən-üçdən xərcləyib özünü sevdirirdi. Könül ovlamaq üçün başqa hərəkətlərə ehtiyac duymurdu. Adamlar da qollarını aralayıb hakimiyyəti qucaqlamışdı.Özünü sevən kimi göstərirdi. 

Bu mənada ölkədə baş verən hadisələri iki yerə bölmək lazımdı. Pul gələnə qədər və pul gələndən sonra. "Filan vaxt bundan yaxşı idi” söhbətlərinin yaranma səbəbi də bu idi. Filan vaxt bundan ona görə yaxşı görünürdü ki, o vaxt pul yox idi. Pulla alınan şeylər hərəkətlə alınmalı idi. Məsələn, filan müğənni oxumur. Gərək bir oyun işlədib oxudasan. Könlünü alasan. Əgər pul varsa, deyirsən cəhənnəmə oxumur. Oxumur, özü bilər. Gedin, Şakiranı gətirin, oxusun.  Demirəm, böhran qısa vaxtda öz nəticəsini göstərəcək. Sadəcə adamlara düşünmək qabiliyyətini qaytaracaq. Adamlar isə  hər şey düşünə bilər. Hətta özünə təzə himayədar da tapa bilər. Buna sponsor da deyə bilərik. 

Bu hələ jurnaldı. Kino qabaqdadı. Nə qədər adam kədərlənəcək. Nə qədər adamın başına hava gələcək. Adamlar bir birinin etin yeyəcək. Çox şeylər görəcəyik.  Şəxsən mənə baş verənlər xoşdur. Baxmayaraq ki, yaranan böhrandan öz payımı almışam. Əgər əvvəllər üç ayda bir dəfə (o da ürəyim istəyəndə) dönər yeyirdimsə, indi təkcə son bir həftədə üç dəfə dönər yemişəm. Əgər əvvəllər ancaq rayona gedəndən gedənə şirinçay yeyirdimsə, indi hər səhər (bəzən günorta da) bizim evdə çay qaşığının stəkanla təmasından yaranan səsi eşitmək olar.  Axırıncı cümləni özüm qəsdən bir az bədii yazdım...

Meydan.tv