Ölkə 15:28 30.03.2020

“Belə məqamda qadınlar da kaprizlərini kənara qoymalıdır...”

"Hər bir qadın evində bəzənə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova Daxili İşlər Nazirliyinin göstərişi ilə gözəllik salonların fəaliyyətinin dayandırılması ilə bağlı qərarından danışarkən deyib. O, insanların sağlamlıq və təhülkəsizliyi naminə edilən bütün tədbirləri dəstəklədiyini bildirib:

"Maraqlı odur ki, bəzən hay-küylə "niyə karantin yoxdur" deyənlər, fövqəladə vəziyyət tələb edənlər xırda rahatçılığının pozulmasına bu cür reaksiya verirlər. Qaydalar bütün insanlar üçün mövcuddur və bu olmasa təhlükə genişlənə bilər. Sadəcə, bildirmək istəyirəm ki, belə məqamlarda insanlar bütün kaprizlərini kənara qoyub qanuna tabe olmağı öyrənməlidir. Məncə, hər bir qadın evdə də bəzənə bilər. Bu, lap maska tikmək kimi xüsusi bir bacarıq tələb etmir. İnsanlar hər seyi hazır görməyə alışıb. Bir az əvvəlki vərdişlərin qayıtması belə cətin məqamlarda adaptasiyaya kömək edə bilər. İnsanlar hələ də inanmır. Görünür "Evdə qal" mesaji hadisənin reallığını tam əks etdirə bilmir. Ona görə yeni mesajlar da düşünmək lazımdır ki, insanlar bu tədbirlərin əhəmiyyətini dərk etsin".

Qeyd edək ki, Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi dövründə gözəllik salonlarının fəaliyyətinin dayandırılması ilə bağlı qərarını açıqlayıb. 
 
Bahar Rüstəmli