Foto 17:48 06.08.2020

Bələdiyyə sədri: “Masazır deyəndə gözümüzün qarşısına zibil gəlir...” (FOTO)

"Son zamanlar küçələrimizdə üfunət iyindən dayanmaq mümkün deyil”.

Bu sətirlər Abşeron rayonu Masazır kəndinin bir qrup sakininin Qaynarinfo-ya göndərdiyi şikayət məktubundan götürülüb. Qəsəbənin Akim Abbasov küçəsində yaşayan sakinlərin bildirdiyinə görə, buna səbəb həftələrlə yığılan zibillərin daşınmamasıdır:

"Masazır bələdiyyəsinin əməkdaşları hər ay qapı-qapı düşüb bütün evdən 4 manat yığırlar və zibili gəlib evimizin yanından həftədə 3 dəfə aparacaqlarını deyirlər. Elə sakin var ki, hətta oktyabr ayı daxil olmaqla zibil pulunu verib. Təəssüf ki, pul almaq Masazır Bələdiyyəsi üçün nə qədər asan olsa da, öhdəliklərini yerinə yetirmək bir o qədər müşkülə çevrilib”.

Sakinlər deyir ki, hər gün Masazır bələdiyyəsi ilə əlaqə saxlayırq:

"Elə bu gün Masazır bələdiyyəsi ilə əlaqə saxladıq. Bizə bələdiyyənin Baş mühasibi cavab verdi. Bildirdi ki, bələdiyyə bir özəl şirkətlə müqavilə bağlayıb, zibili də onlar aparmalıdırlar. Beləcə, məsuliyyəti boyunlarından atdı. Bildirəndə ki, bu məsələnin yerli sakinlərə heç bir dəxli yoxdur və ərazidən zibilin daşınması bilavasitə bələdiyyənin vəzifəsidir, bu sözdən sonra qadın sanki dəliyə döndü, dedi ki, gedin nə bilirsiniz, edin”.

Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev Qaynarinfo-ya açıqlamasında gün ərzində iki dəfə zibil yığıldığını deyib: 

"Qutu qalır kənarda, zibili yerə atırlar. Bəzən zibil yolu tutur. Buna görə biz məcbur olub gündə iki dəfə zübil yığırıq. Burada 100 min əhali yaşayır. Amma qeydiyyatda 13 mindir. Bu rəqəm üçün nəzərdə tutulan texnika və qüvvə ilə əhalini yola veririk. Akim Abbasov küçəsində isə bu hal mümkün deyil. Çünki o küçədə iki gün zibil qalsa, yol tutular. Bələdiyyənin nizamnaməsində məişət tullantıları ilə məşğul olması qəti qadağandır. Bələdiyyənin məişət tullantıları barədə müqavilə bağlamağa ixtiyarı yoxdur. Amma buna baxmayaraq, rayon rəhbərliyinin göstərişi və rayonda olan vəziyyəti nəzərə alaraq biz bu gün onlara kömək edirik, iş görürük. Xanım düz deyir, texnika və qüvvə onlardadır. Hələ 20 ildə Masazır bələdiyyəsi indiki kimi bu təmizlikdə olmayıb. Bizim 4 maşınımız var. İkisi də sıradan çıxıb. Masazır deyəndə gözümüzün qarşısına zibil gəlir. Bunların zibili çoxdur. Başa düşmək olmur, yoxsa bunlar zibil istehsal edir? 100 min əhalinin zibilini daşımaq üçün 15 texnika lazımdır. Çətin vəziyyətdəyik, qarpız-yemiş sezonudur deyə ərazi bir az da yüklənir. Texnikalar dözmür, təmizlənən yer bir saatdan sonra dəhşətli vəziyyətdə olur. Ən çətin aylardır. Sentyabrdan sonra vəziyyət düzələcək”.
 
Bahar Rüstəmli