Sənət 23:44 16.12.2018

Beş inanılmaz sualtı sənətçi (FOTOLAR)

Dəniz əsrlər boyu bizim təsəvvürümüzü və fantaziyamızı zənginləşdirib, lakin bəzi rəssamlar ona daha da fərqli yanaşırlar. Onlar zəkalarının, bədənlərinin və bədii proseslərin sərhədlərindən bir addım o yanda yatan potensiala qucaq açıblar.

Bu sənətçilər 'qəddar' cərəyanlara qarşı cəsarətlidirlər, qorxulu canlılarla üzləşməkdən çəkinmirlər və əl işləri naminə suda nəfəs almağa alışaraq işləyirlər.

Pursuit of Beauty: Art Beneath the Waves (Gözəllik İzində: Dalğalar Altında İncəsənət) söhbətində Emma Critchley quru torpaqdan bezən rəqqaslar, heykəltəraşlar və rəssamlarla söhbət edir.

Dənizi emalatxana hesab edən bu beş sənətçindən niyə və necə cavablarını almağa çalışdıq.

Jason deCaires Taylor



Britaniyalı heykəltəraş Jason deCaires Taylor dənizin dibində real insan ölçülü beton heykəllər inşa edir.

O, izləyicilərini akvariumda suyun altına endirir və dənizin dibindəki muzeyini onlara təqdim edir: selfi çəkən simasız fiqurlar, başı qumda olan bir sıra bankirlər və dairəvi şəkildə əl-ələ tutan sement uşaqlar.

Taylor-un işi hərəkətsiz zamandan bir mənzərə kimi son dərəcə gözəl təsir bağışlayır.

Karib və Kanarya adalarını əhatələyən mavi suların altında Taylor-un ucaltdığı əbədi əsərlərin arasında balıqlar üzür və heykəllərin üzündə əmələ gələn mərcanlar onlara sanki bir həyat bəxş edir.

Heykəllərin hər biri yerli icmadan real insanların qəlibi əsasında hazırlanıb. Qəlibə salmağa adam axtarmaq məqsədilə ilə Taylor tez-tez küçələrdə və sosial mediada dolaşır.

Görməyə alışdığımız mükəmməl dəriyə malik klassik arıq modellər əvəzinə o, sualtı canlıları cəlb etmək üçün çopurlu, qırışlı üzlərə və dənizin gücünə tab gətirə bilsin deyə ağır bədənlərə üstünlük verir.

Olly Williams və Suzi Winstanley



Həssas heyvan dünyası haqda sənədli film və yazılar hazırlamaq həvəsi rəssamlar Olly və Suzi-ni planetimizin ən ekstremal və qorxulu dənizlərinə aparıb.

Rəssamlar dəniz bəbirləri və nəhəng ağ balinalar ilə üzür, sıfırın altındakı temperatura tab gətirən üzgüçü kostyumu geyinir, ürəkbulanması və keyimiş əllərin sızıltısına dözə bilirlər.

Su altında rəsm əsərlərini ərsəyə gətirdikdən sonra, vəhşi təbiətin təbii mühit təcrübələrini əks etdirən vərəqlə ya aysberq, ya da gəmi üzərinə çıxırlar.

Təəccüblüsü budur ki, Suzi sudan qorxarmış (mümkün qədər hovuza girməkdən belə qaçarmış). Amma deyir ki, qarşılaşdığı canlıları lazerə bənzər fokusu vasitəsilə qələmə alması, onu dərinlik qorxusudan yayındırır.

Julie Gautier



Reuinion adalarında balıqçı və rəqqasə ailəsində dünyaya göz açan Gautier kinorejissordur. Onun mükəmməl filmləri su altında çəkilir.

Sakitcə əbədi uçuruma düşən fiqur, suyun dibində fantastik şəkildə qaçan kişi, dənizin dibində evlənən cütlük və sair. Bu filmlərin hamısı və daha çoxu Gautier-in kamerasından yaranıb.

AMA adlı filmində Gautier dünyanın ən dərin hovuzunun dibində rəqs edir.

Dürr kimi aydın suyun içində onun hərəkətləri son dərəcə incə və poetik alınıb. Bədəni bir neçə metr dərinlikdəki suyun içində olsa da, o, havasız şəraitdə rəqs etməyi bacarır.

Dalğıc avadanlıqları olmadan suya girmək Gautier-ə azadlıq bəxş edir. O, komandası ilə əlaqə qurmaq üçün tənzimləyicini çıxarmaq və ya kiminsə hava balonunda oksigen bitdiyinə görə işini yarıda saxlamaqdan azaddır.

Bu səbəbdən də Gautier işini yalnız günəş qürub etdikdən, yaxud bədəni yorulduqdan sonra dayandırır.

Peter Matthews



Dünyanı dolaşan Peter Matthews, günün 11 saatını okeanda üzə-üzə şəkil çəkərək keçirir.

Matthews kağızı köhnə faner parçasına bərkidir, sevimli qələmlərini toplayır və suyun altına dalır. Suya dalar-dalmaz o sanki tərki-dünya olur. Bir neçə saat sonra isə, mavi və qara mürəkkəblə qeydə aldığı rəsmlər və cızma-qaralar ilə suyun üzünə çıxır.

Matthews bu cür dözümlülük şücaəti göstərmək naminə yaxşı hazırlaşır. Belə ki, ləpə və meyvə yeyir və sudan çıxdıqdan sonra sahildə qurumaq üçün ocaq tədarükünü öncədən görür.

Lakin dəniz gözlənilməz hadisələrlə zəngindir: meduzalar, 'yırtıcı' axınlar və fırtınalar onun həyatının bir hissəsidir.

Estabrak Al-Ansari



İranda doğulan və Londonda böyüyən İraq əslli Estabrak Al-Ansari Omanda işləyir.

O, qurşaqdan aşağı hissəsi geyimdə, başı görünməyən və naməlum insanları lentə alır.

Al-Ansarinin fotoları sosial və siyasi problemləri əks etdirir.

Sualtı dünya onun üçün hekayələrini dilə gətirmək mənasında sakit və təhlükəsiz bir yerə çevrilib.

Al-Ansari ekranı olmayan fotoaparatlardan istifadə edir. O, özünü torpağın üzərindəki sıxıntılardan azad edir və suyun altındakı işıq və hərəkətə instinktiv olaraq cavab verir.

Mənbə: BBC