Dünya 15:39 04.02.2018

Bəşər tarixinin ən özünəvurğun nümayəndələri bizikmi?

Sosial medianın inkişafı bərabərində psixoloqlar üçün yeni bir müzakirə mövzusu da gətirib: gənclər "Mən Nəslidir" yoxsa "Biz Nəsli"?

Bu səhər bir kafedə qəhvə içə-içə işləməyə çalışırdım. Yan masada əyləşən gənc qadın özündən yaşca böyük həmsöhbətinə özü, gördüyü işə ümidləri və marağı, romantik münasibəti və evi haqqında böyük həvəslə danışırdı.

Danışığından belə anlaşılırdı ki, özünü kainatin mərkəzi hesab edir və arzularını mükəmməl və eyni zamanda mühüm sayır.

Görəsən indiki cavanlar və ya "mileniallar"ın (1980-ci ildən sonra doğulan insanlar - minillincilər) hamısı belədirmi?

Sosial medianın təqdim etdiyi özünütərifləmə və özü haqqında yüksək fikirdə olma, gənclərə təhsil vermək əvəzinə onların şəxsiyyətlərini əvvəlki nəsillərdəkindən fərqli şəkildə dəyişdiribmi?

Onlar daha narsist (özünəməftun) və xudbindirlərmi?

Sual psixoloqları iki hissəyə ayırıb. Bəziləri deyirlər ki, "Mən nəsli" hesaba gəlməyəcək qədər böyükdür. Qalanları isə bunun həqiqətə uyğun olmadığını düşünürlər.

Zamanla şəxsiyyətlərin dəyişdiyini göstərən nümunələrdən bol olduğumuz qədər, nəsildən-nəslə artan zəkamızı göstərən sübutlar da az deyil.


Daha çox selfini narsistlərmi çəkdirir, yoxsa narsistləri yaradan elə selfi mədəniyyətidir?

İndiki gənclərin daha özünəməftun və mənfəətpərəst olması ideyasının ən tanınmış tərəfdarlarından biri olan Jean Twenge, California-da yerləşən San Diego Dövlət Universitetinin psixoloqudur və bu mövzu ilə artıq 15 ildir ki məşğuldur.

Twenge, narsizmin artmasının əsasını mədəni dəyişikliklər, xüsusilə də son bir neçə onillikdə fərdiyyətçiliyə artan maraqda görür.

Məsələn valideynlər (təkcə valideynlər yox, elə cəmiyyət özü) hazırda gənclərin fərdi nailiyyətini onların vətəndaşlıq vəzifəsindən daha çox qiymətləndirirlər.

Başqa bir mümkün nəzəriyyəyə əsasən isə hər şey "özünəinam hərəkatından" asılıdır. Bu hərəkat göstərir ki, narkotik vasitə aludəçiliyindən tutmuş zorakılığa qədər cəmiyyətin əsas problemlərinin kökündə insanların özünəinamının aşağı olması dayanır.

Halbuki çoxsaylı araşdırmalar bunun həqiqəti əks etdirmədiyini göstərib. Populyar Psixologiyanın 50 Ən Böyük Mifi (50 Great Myths of Popular Psychology) adlı kitabın 33-cü mifi belədir: "Daha az özünəinam psixoloji problemlərin əsas səbəbidir."

Bununla belə, bu hərəkat sayəsində 1980 və 1990-cı illərdə gəncləri qorumaq üçün genişmiqyaslı addımlar atılıb. Misal üçün aşağı qiymətlərin onların özünəinamını zədələdiyi kimi neqativ hissin doğru olmadığı bəyan edilib.

Eyni zamanda özünə qarşı sevgi və "xüsusi" olmaq hissləri aşılanıb.


İnadkarlıq və özünəhörmət bir çoxumuza doğulandan bəri öyrədilir, bəs bu narsizmə yol açmırmı?

New York jurnalı üçün bu yaxınlarda qələmə aldığı yazısında Jesse Singal, özünəinam hərəkatının Amerika məktəblərində necə geniş yayıldığını kiçik rəngli rezin top tapşırığı əsasında izah edib:

"Bir şagird topu digərinə atır və ona kompliment edir - Köynəyin xoşuma gəlir. Sonra top başqa bir şagirdə atılır və yenə tərif dilə gətirilir - Sən yaxşı futbol oynayırsan. Beləcə yaxşı hisslər topla birlikdə otaqda var-gəl edir."

Bu mədəni cərəyanları nəzərə alsaq görərik ki, bəlkə də dövrümüzün gənclərinə istedadlı olduqları və heyranlıq sevdası əslində süni olaraq aşılanır.

Jean Twenge-in işinin əsas hissəsi "Narsistik Şəxsiyyətin İnventarizasiyası" adlı təcrübə ilə əhəmiyyətlidir. Belə ki, insanlara özünü təsvir edən 40 cüt misallar verilir. Misallardan biri narsistik mənada ("Mən uğur qazanacağam"), digəri isə ("Uğur məni bir elə də maraqlandırmır") fərqli mənada verilir.

Twenge-in araşdırmalarından bir müddət sonra ABŞ kolleclərində tələbələrin qiymətləri artıb. Məsələn, o öz həmkarları ilə müəyyənləşdirib ki, 2009-cu ildə tələbələr 1982-ci ildəkindən daha çox narsistdirlər.


Rəssam David Trullo tualetdə selfi çəkən və Instagrama yükləyən kişilərin şəkillərindən ibarət vanna otağı üçün kafellər hazırlayır

2013-cü ildə dərc etdiyi xülasəsində Twenge fikrini belə ifadə edir: "Hal-hazırda dəlillər də bugünkü nəslin (1980-ci ildən sonra dünyaya gələnlər) ötən nəsillərlə müqayisədə "Biz Nəsli" yox, "Mən Nəsli" olduğunu göstərir."

Bu fikirlə razı olmayanlar arasında Worcester-də yerləşən Clark Univeristetindən Jeffrey Arnett də var. O iddia edir ki, ABŞ-ın kollec tələbələri heç də gənc nəsli bir bütün kimi təmsil etmir. Eləcə də o, Narsistik Şəxsiyyətin İnventarizasiyası sınağının narsizmi müəyənləşdirməsinə şübhə ilə yanaşır.

Gənclərin könüllü kimi işləməyə meyli və müxtəlifliyə daha tolerant yanaşması faktlarını misal çəkən Arnett deyir ki, onun fikri ilə Twenge-in fikri tamamilə fərqlidir: bu günün gəncləri daha az özünəvurğun olduğu qədər, "son dərəcə səxavətli bir nəsil kimi inkişaf edərək dünyaya ümid aşılayırlar".

Bunun həqiqət olması ilə bağlı dəlillər isə artmaqdadır. Gəlin, Psychological Science jurnalında dərc olunan bir tədqiqatı götürək.

Şəxsiyyət üzrə mütəxəssis Brent Roberts və həmkarları Narsizm İnventarizasiyası nəticələri ilə 1990, 2000 və 2010-cu illərdə üç Amerika universitetində təhsil alan 50 mindən artıq tələbənin nəticələrini müqayisə ediblər.

Əvvəlki tədqiqatların bir çoxundan fərqli olaraq Robert-in komandası narsizmə birmənalı yox, müxtəlif tərəflərdən nəzər salıblar: şöhrətpərəstlik, sahibi-ixtiyarlıq və liderlik.


Çində gənc modellər dəb şousunda selfilər çəkdirirlər

Onlar həm də müxtəlif nəsillərin sınaq üçün təqdim edilən şərhləri fərqli qavraması faktını da nəzərə alıblar. Məlumatları artırıb-azaltsalar da, tədqiqatçılar eyni nəticə ilə üzləşiblər: 1990-cı illərdən bəri gənclər arasında narsizm getdikcə azalır.

Mətbuata açıqlamasında Roberts, yaşlı nəsillərin gəncliklərindəki narsizmi unutduqlarını əlavə edib; o, yaşla yoxa çıxır.

"Bizim xatirələrimiz səhvdir," o deyib, "ona görə də həmin yaşda bizim də özümüzə nə qədər önəm verdiyimizi unutmuşuq."

Bu Yeni Zelandiyada bu yaxınlarda nəşr edilən yeni bir araşdırma ilə də ahəng təşkil edir. Araşdırmanın nəticəsində müəyyənləşib ki, gənclər arasında artan ixtiyar ilə narsizmin heç bir əlaqəsi yoxdur.

Eləcə də, cavanların malik olduğu ixtiyarlıq azadlığı inkişaf təsiridir, nəsil ilə bağlı deyil. Başqa sözlə, ümumiyyətlə yaşa dolduqca özümüzü nəyəsə daha az məcbur sayırıq.

Twenge və həmkarları isə narsizmin inkişafına inanırlar. Başqa şeylərlə yanaşı onlar müəyyənləşdiriblər ki, indiki dövrün populyar mahnı sözlərində 80-ci illərə nisbətən daha çox "mənliyə" diqqəti kəsb edən ifadələrdən istifadə olunur.


Sosial mediadan istifadə və selfilərin populyarlığı elm adamları arasında müzakirələrə səbəb olur

1960-cı illərdən bəri isə kitablarda "Mən xüsusiyəm" kimi individualist sözlər və ifadələr işlədilir. Valideynlər artıq uşaqlarına ümumi ad vermək istəmirlər. Twenge və həmkarları düşünürlər ki, buna səbəb fərdilik mədəniyyətidir.

Sosial mediadan istifadə, selfilər və gördüyün işi, nə düşündüyünü və hiss etdiyini göstərən paylaşmaların populyarlığı elm adamları arasında müzakirələrə səbəb olur. Bu texnoloji və mədəni dəyişmənin şöhrətpərəstlik və narsizmə təkan verməsi fikrinə qarşı çıxmaq bu halda daha da çətinləşir.

Twenge aradakı əlaqəni tapmağı bacarıb. 2013-cü ildə New York Times üçün yazdığı bir məqaləsində o, sosial medianı "özünə vurğunluq təminatçısı" adlandırsa da, sosial medianın narsizmi yaratması ilə bağlı dəlilin yox dərəcəsində olduğunu bildirib.

Heç şübhəsiz ki, məlumatlar da, narsist insanların daha çox selfi paylşacağını göstərir. Amma bu, o demək deyil ki, selfi çəkdirmək sizi özünüzə vurğun edir.

Əksinə, nə qədər "xoşagələn" xasiyyətiniz varsa - etibarlı, istiqanlı və dostcanlı - sosial mediada da bir o qədər aktiv olacaqsınız.

Narsizmə köklənən çox sayda müzakirələr mövcuddur. Bəs xarakterimizin müsbət mənada dəyişməsi necə? Xoşbəxtlikdən yaxşı xəbər verə bilərik.

Alimlər, hər onillik üçün üç IQ (zəka indeksi) xalı artımı ilə bizim hər il daha da savadlandığımızı uzun zamandır ki bilirlər.

Bu, Flynn Effekti adlanır və ideyanın yaradıcısı Yeni Zelandiyadan olan akademik James Flynn-in adı i lə bağlıdır. Ümumi inkişaf 1930-cu illərdən bu günə qədər zəka testləri nəticələrinin artmasında böyük rol oynayıb.

İzahlara yoluxucu xəstəliklərin azalmasından tutmuş yaxşı təhsilə qədər bir çox şeylər daxildir. Lakin hazırda alimlər həmin təsirin şəxsiyyətin formalaşmasında rol oynayıb-oynamadığını düşünürlər.

Bu il nəşr olunan bir fin araşdırması, məsələnin elə bu olduğunu göstərib. Helsinki Universitetindən Markus Jokela-nın rəhbərliyi altında araşdırmaçılar, 1962 və 1976-cı illər arasında təxminən yarım milyon hərbi çağırışçının 18 və a 19 yaşındakı şəxsiyyət məlumatlarını nəzərdən keçiriblər.

Jokela və həmkarları, zaman keçdikcə uğurlu insanların yüksək ekstrovertlik sayılan sosial münasibətlər və daha enerjili olmaqda və yüksək şüurluluq hesab olunan xeyirxahlıq və uğur naminə mübarizədə daha yuxarı nəticə göstərdiyini aşkar ediblər.

Onlar eləcə də, artan özünəinamın izlərini müəyyənləşdiriblər.

Ola bilsin ki, bu günün gəncləri əvvəlki nəsillərə nisbətən özlərinə daha çox güvənirlər. Amma bunu inamın sağlam işarəsi və ya narahatedici narsizm siqnalı kimi dəyərləndirmək, onların yox, daha çox sizin probleminizdir.

Mənbə: BBC