Bəxtiyar Vahabzadənin

Bəxtiyar Vahabzadənin "Gülüstan"ı KQB-dən belə gizlədilib...

Hörmətli Azər Turan!

Sizə yollayacağım yazı xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Gülüstan" poemasının ilk dəfə necə çap olunması haqqındadır. Hadisənin canlı şahidi olan jurnalistin bu xatirə yazısı ilk dəfə 60 il sonra işıq üzü görür. Ədəbi cameə üçün böyük maraq doğuracaq  yazını "Ədəbiyyat qəzeti" üçün xüsusi olaraq yollayıram.

Hörmətlə:
Tural ADIŞİRİN
AMEA-nın əməkdaşı
 


Xalq şairi Bəxtiyar Vahabzadənin məhşur "Gülüstan" poemasını paytaxt mətbuatı çap etməkdən imtina etmişdi. Bəxtiyar müəllim üzünü doğulub boya-başa çatdığı Şəki torpağına tutdu. 1960-cı ilin payız ayları idi. O vaxt rayonda çıxan "Nuxa fəhləsi" qəzetinə İkinci Dünya müharibəsindən bir qolunu itirərək qayıtmış əsl vətənpərvər, həqiqi ziyalı Məhyəddin Abbasov rəhbərlik edirdi. Məhyəddin Abbasov 1945-ci ildən ömrünün sonuna - 1974-cü ilə kimi qəzetin baş redaktoru olmuşdur.  Müharibədən sonra yetişən Şəki jurnalistlərinin hamısı, obrazlı desək, məhz onun şinelindən çıxmışdır. O vaxt mən - Telman Həmidli isə qəzetin ən gənc əməkdaşı idim.

Redaksiyada Teymur Xəlilov, Məmməd Çələbiyev, Əbdülhəmid Həmidov, İbrahim Paşayev, Abuzər və Ənvər Qasımov kimi təcrübəli jurnalistlər çalışırdı. Sonradan bu siyahıya Saat Əzizov, Nizami Nəbiyev, Ənvər Mikayılzadə, Suğra xanım da əlavə olundu. Daha sonralar redaksiyaya işə gəlmiş Rəhim Maqsudov, Vaqif Salmanov, Bəşarət Süleymanov, Çingiz Nağıyev, Bayram Mahmudov, Akif Salamovun ayağı o qədər "yüngül" oldu ki, həm SSRİ, həm də redaksiya dağıldı.

Oktyabrın 22-si Bəxtiyar Vahabzadə redaksiyaya gələrək redaktor Məhyəddin Abbasovla görüşdü. Söhbət əsnasında məlum oldu ki, Bəxtiyar müəllim yeni yazdığı və mübahisəli olan "Gülüstan" poemasını çap etdirmək istəyir. Bəxtiyar Vahabzadənin yanında "İpəkçi" qəzetinin redaktoru Salis Məmmədov da vardı, o vaxt Salis müəllim hələ tələbə idi. Yeri gəlmişkən, onu da qeyd edim ki, Salis müəllim çox cəsarətli jurnalist idi. (Haşiyə - Heydər Əliyev ordenini təsis etmək haqqında ilk təşəbbüsü respublika mətbuatı arasında "İpəkçi" qəzetində o qaldırmışdır.)

Məhyəddin Abbasov "Gülüstan"ı çap etməyə razılaşdı. İndi əsas məsələ qəzeti çap edib səssiz-küysüz oxuculara çatdırmaq idi. Adətən, qəzet mətbəədə gecələr çap olunurdu. Bu dəfə isə Bəxtiyar Vahabzadənin təklifi ilə gündüz çap etmək qərara alındı ki, çap səhifələrini Bəxtiyar müəllim özü tapıb düzəltsin və mətnin orijinallığına tam arxayın olsun. "Gülüstan" qəzetin 23  və 26 oktyabr tarixlərində ilk dəfə belə nəşr edildi. İndi əsas iş qəzeti pis gözlərdən kənar saxlayıb şəhər oxucularına çatdırmaq idi.

Məhyəddin Abbasovun ürəyinə elə bil nəsə dammışdı. Məni yanına çağırıb dedi: -"Gülüstan" çap olunan qəzetin şriftlərini mətbəədə dağıtdır, qəzeti isə səhərə qədər etibarlı yerdə saxlamaq lazımdır ki, hələlik kənar şəxslərin əlinə keçməsin. Bunun üçün ən etibarlı yer fotolaboratoriyam olduğunu bildirdim. Razılaşdı.

Qəzetləri fotolaboratoriyadakı stolun gözlərinə yerləşdirdik. Onsuz da qaranlıq olan laboratoriyanın elektrik xəttini kəsdik. Döşəməyə isə köhnə aşkarlayıcı (proyavitel) məhlulu tökdük. Bu məhlul lax yumurta iyi verir - nəfəs almaq olmur.

Məhyəddin müəllimin ürəyinə daman düz çıxdı. İş gününün sonuna yaxın Dövlət Təhlükəsizlik Komitəsinin 3 əməkdaşı redaksiyaya gəldi. Onlar "Gülüstan" poeması çap olunmuş "Nuxa fəhləsi" qəzetinin nüsxələrini müsadirə etməyə gəlmişdilər. Görünür, kimsə "Gülüstan" poemasının çap olunacaq xəbərini ağzından qaçırmışdı. Onlar mətbəə və redaksiyanın bütün otaqlarını ələk-vələk etdilər. Heç nə tapılmadı. Növbə foto-laboratoriyaya çatanda rütbəcə digərlərindən böyük olan polkovnik əmr etdi:

- Açarı gətirin, fotolaboratoriyanın qapısını açın.

Mən qabağa durub dedim:

- Biz laboratoriyanın qapısını bağlamırıq. O, qapını açıb tez də örtdü və dedi: - Bu nə iydir belə? Burda adam boğular ki!

Onlar əliboş çıxıb getdilər.

Beləliklə, "Gülüstan" həbsdən xilas edildi. Ertəsi gün poçt işçiləri gəlib "Gülüstan" poeması çap olunmuş qəzeti oxuculara payladılar.

Telman Həmidli
şair-jurnalist
XƏBƏRLƏR
BLOGLAR