Dünya 21:02 16.10.2017

Beynəlxalq Quraqlıq İttifaqı yaradıldı

Qətərin paytaxtı Dohada Mərkəzi Asiya, Afrika, Asiya və Amerikadan olan 18 ölkənin iştirakı ilə təşkil edilən konfransda Beynəlxalq Quraqlıq İttifaqı yaradılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, təşkilat quraqlıq problemi yaşayan ölkələrdə qida təhlükəsizliyi ilə əlaqədar məsələlərlə məşğul olacaq. 

Konfransda çıxış edən Qətər əmiri Şeyx Təmim İbin Həmid Əl Sani bildirib ki, məqsədləri bu tipli digər təşkilatlara rəqib olmaq yox, onların gördükləri işlərə, xüsusilə qida təhlükəsizliyi məsələsində dəstək olaraq proseslərdə iştirak etməkdir. Əl Sani beynəlxalq təşkilat və ölkələri BQİ-yə dəstək olmağa çağırıb. Təşkilatın bu ilki xərcləri Qətər tərəfindən ödənəcək.

İttifaqın yaradılması ilə bağlı razılaşmanı imzalayan Qətər bələdiyyə və ətraf mühit naziri Məhəmməd İbin Abdulla Ər Rumeyhi mətbuat konfransında çıxış edərək 18 ölkənin sazişdə imzası olduğunu vurğulayıb, lakin hansı ölkələr olduğu barədə məlumat verməyib.

Qeyd edək ki, Beynəlxalq Quraqlıq İttifaqının məqsədi qida probleminə həll yolu tapmaq və böhran dövründə qarşılıqlı yardım prosesini həyata keçirməkdir.

Gülşən

Qaynarinfo.Az