Ekonomiks 10:58 24.09.2021

Bəzi banklar özəlləşdirilə bilər

Prezident İlham Əliyevin sentyabrın 22-də imzaladığı sərəncam ilə üç maliyyə qurumu - Azərbaycan Beynəlxalq Bankı, "Azər Türk Bank" və "Azərsığorta" İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Azərbaycan İnvestisiya Holdinqi 2020-ci ilin avqustunda yaradılandan sonra bir sıra dövlət qurumları (Dövlət Neft Şirkəti daxil) onun idarəetməsinə keçib.

Bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankın (ABB) zərərli aktivləri milyardlarla ölçülürdü. 2017-ci ildə ABB-nin 9.93 milyard manat dəyərində toksik aktivini dövlət alıb, likvidlik dəstəyinin göstərilməsi üçün ona 1.3 milyard dollar və 70 milyon manat həcmində depozit yerləşdirib.

ABB 2020-ci ili böyük mənfəətlə başa vurduğunu açıqlayıb. Bankın hesabatına görə, qurum ötən il 129 milyon manat xalis mənfəət əldə edib.

Dövlət bankı "Azər Türk Bank"a gəlincə, bu il iyulun 1-nə onun aktivləri 335.4 milyon manat olub. İkinci rübdə bank 448 min manat xalis mənfəət əldə edib ki, bu da ötənilki göstəriciyə nisbətən çoxdur.

Məsələyə, hələlik, sözügedən maliyyə qurumlarından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, Azərbaycan Beynəlxalq Bankında vaxtilə çox ciddi problemlər olub: "O vaxt dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı ki, ayağa qalxsın, sonra çıxardaq satışa. Amma keçən bu dövr ərzində Beynəlxalq Bankın fəaliyyəti buna imkan vermirdi".

Komitə üzvünün fikrincə, buna görə bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib: "İnvestisiya Holdinqi, yəqin ki, özəlləşmə məsələsinə də baxacaq. Bu, özəlləşmə məsələsi İnvestisiya Holdinqinə verilmiş digər maliyyə qurumlarına da aiddir".