Sənət 13:54 28.03.2015

Böhran Əbülfəs Qarayevi də "vurdu"


Mədəniyyət və Turizim Nazirliyinə daxil olan müəssisələrdə kütləvi ixtisarlar başlayıb.

Belə ki, nazirlik bir neçə rayonda kənd mədəniyyət evlərini, kitabxanaları və klubları ləğv edib. Xeyli sayda insanın çalışdığı mədəniyyət evlərinin bir çoxu klub səviyyəsinə endirilir, həmin müəssisələrdə çalışanlar isə ixtisara salınır. Klublarda isə yalnız rəhbər və bir kütləvi işçi saxlanılır.

Arqument.Az-a daxil olan məlumata görə, nazir Əbülfəs Qarayevin tapşırığı ilə həyata keçirilən ixtisarlar bir neçə rayonda ciddi narazılıq yaradıb. Heç bir yerdən gəliri olmayan, yalnız mədəniyyət evləri və klublarda çalışmaqla ailəsini güclə dolandıran insanların nazirlik tərəfindən "qapı arxası"nda qoyulması onların onsuz da ağır olan maddi durumlarını daha da ağırlaşdırıb.

Əldə etdiyimiz məlumata görə, artıq rayon mədəniyyət şöbələrinin müdirləri ixtisara salınan işçilərdən rüşvət tələb etməyə başlayıblar. Onlar bildiriblər ki, ləğv olunmuş müəssisələri bərpa etmək üçün nazirliyə "haqq-hesab" verməli, yalnız bundan sonra kütləvi ixtisarların qarşısını müəyyən qədər almaq və bir çox işçiləri yenidən işə bərpa etmək olar.

Məlumatda o da bildirilir ki, nazirliyin rayon şöbələrində ixtisarlar zamanı ədalətlilik prinsipi ciddi şəkildə pozulur, təcrübəli və savadlı işçilər ixtisara salınır. Bildirilir ki, kütləvi ixtisarlara Novruz bayramından bir neçə gün öncə qərar verilib. Nazirliyin bayram ərəfəsində öz əməkdaşlarına hazırladığı "sürpriz"i isə rayon şöbələrinin rəhbərləri ölkədəki maliyyə böhranı ilə əlaqələndiriblər. Həmçinin bu prosesi sürətlə həyata keçirən nazirlik kütləvi ixtisarları ictimaiyyətdən gizlətməyə çalışır.

Qaynar.info