İranda Asiyanın ən böyük duz gölü olan Urmiya gölü tamamilə quruyub. Onun yaşı 4000 ildən çoxdur və ölkənin şimal-qərbində yerləşir, Almaniya, İsveçrə və Avstriya aasındakı Konstans gölündən on dəfə böyük olub.
Qaynarinfo xəbər verir ki, bunu "Bild" qəzeti yazıb.
1980-ci illərdə onun uzunluğu 140 kilometr, eni isə 55 kilometr olub, lakin 2025-ci ilin yayına qədər peykdən çəkilmiş görüntülərə görə ortada quru göl yatağı və bir neçə gölməçə qalıb.
Ekoloqlar və İranın müxalifət mediası Urmiya gölünün yoxa çıxmasını rejimin fəlakəti adlandırır. "Iran News Update"in məlumatına görə, ölkədə bir milyondan çox qeyri-qanuni quyu var və bu quyular illər ərzində qrunt sularını tükəndirib.
Kənd təsərrüfatı vəziyyəti daha da gərginləşdirir: Bu sahə İranın su ehtiyatlarının 88%-ni istehlak edir, bununla belə, ÜDM-in yalnız 10%-ni verir. Bunun nəticəsidir ki, ölkədə hər il təbii mənbələrin doldura biləcəyindən 43 milyon kubmetr çox su istehlak edilir.
Prezident Məsud Pezeşkian iyul ayında etiraf edib ki, ölkədə həqiqətən də su yoxdur. Onun sözlərinə görə, hakimiyyət hətta 15 milyondan çox insanın yaşadığı paytaxtı köçürməyi də düşünür.
Urmiyanın yoxa çıxması artıq yüz minlərlə insanın həyatına təsir edib: bölgə indi torpağı məhv edən və kənd təsərrüfatını demək olar ki, qeyri-mümkün edən duz fırtınalarından əziyyət çəkir.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göldü. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın, həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur.
Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatıb. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir. Nəticədə yerində min tonlarla duzlaqlar meydana gəlir. Bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə törədə bilər. Ekoloji fəlakət nəticəsində bölgə əhalisi ərazini tərk etmək məcburiyyəti qarşısında qalacaq.
Göl öz adını onun yaxınlığında yerləşən Urmiya şəhərinin adından götürüb. Cənubi Azərbaycan əhalisi arasında daha çox Urmu gölü olaraq tanınır. Ən qədim vaxtlardan indiyə qədər Urmiya gölünə müxtəlif adlar verilib: "Çiçe" (fransız səyyah Şarden), "Təla", "Şahi gölü" və s. Ərəblərin istilasından sonrakı orta əsr mənbələrində çox vaxt göl Urmiya şəhərinin adı ilə Urmiya gölü kimi adlandırılır. Pəhləvi sülaləsinin dönəmində gölün adı Rza şahın şərəfinə (1925) Rzaiyyə gölü olub. 1946-cı ildə Azərbaycan Milli Hökuməti yenidən Urmu adını bərpa etsə də, Məhəmmərza Pəhləvinin hakimiyyət illərində gölün adı yenidən dəyişdirilib. 1979-cu il İran İslam İnqilabından sonra şah rejimi ilə bağlı adlar dəyişdirilib və Urmiya adı bərpa olunub.
Aydın
Şərhlər