Biləcərinin bərbad yolları və cavabsız müraciətlər

Biləcərinin bərbad yolları və cavabsız müraciətlər

Bakı şəhəri Biləcəri qəsəbəsi, Yeni Massiv adlanan ərazidə yerləşən 6-cı döngə burdakı 11 döngə arasında ən böyük ərazisi və daha çox əhalinin yaşadığı döngələrdəndir. Lakin burada yaşayan insanlar qış aylarında böyük əziyyət çəkirlər. 

Payız-qış ayları bu döngədə yaşayanlar üçün fəlakətlər gətirir. Təbii ki, bu vəziyyətdə olan yaşayış yeri sadəcə bura deyil. Ancaq şikayətləri nəzərə alaraq, bu küçənin problemini işıqlandırmaq qərarına gəldik. 

Küçənin kanalizasiya sistemi yoxdur, yolları da bərbad vəziyyətdədir. Ərazi sakinləri özləri pul toplayaraq kanalizasiya xətti çəkdiriblər. Lakin vay o gündən ki, kiminsə motoru xarab olsun və ya işıq sönsün. Aramsız yağış yağanda isə heç motorların da gücü çatmır. Və nəticədə evləri su basır. Küçədə yığılmış su və palçıq qış aylarında işə gedən insanlar, məktəbə gedən uşaqlar üçün bəlaya çevirilir.

Küçə sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, hər il Binəqədi rayon İcra Hakimiyyəti və Biləcəri Bələdiyyəsinə ərizə yazsalar da, bu illər ərzində heç bir köməklik, dəyişiklik olmayıb. Köməyə gələn isə su basmış evlərdən insanları xilas edən FHN əməkdaşları olub. 

Sonuncu dəfə bələdiyyə seçkiləri ərəfəsində seçkidən sonra küçənin təmir olunacağı bildirilsə də, bu vəd də yerinə yetirilməmiş qalıb. Yay ayları gəldiyi üçün küçə əhalisi yenidən bu mövzunu qabartmağa çalışır ki, bəlkə problemə əlac edən tapıla və qarşıdan gələn qışda da eyni əziyyətləri yenidən yaşamasınlar.

Röya Kərimli


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR