Ölkə 22:29 05.02.2014

Binə qəsəbəsinin sakinləri etiraz edir - VİDEO

“Kimə şikayət etsək də, bir orqan digərinin üzərinə atır, uşaqlarımız məktəbə qaloşla gedir...”

Son günlərdə Bakıya yağan şiddətli qarın fəsadları hələ də aradan qaldırılmayıb. Binə qəsəbəsinin sakinlərindən musavat.com-a şikayət ərizəsi daxil olub. Qəsəbə sakinləri yolların bərbad vəziyyətdə olmağından şikayətlənirlər.

Qəsəbə sakinlərinin dediklərinə görə, hər il qış aylarında qəsəbənin yolları bərbad vəziyyətə düşür: “Biz hər il eyni əziyyəti çəkirik. Bir az yağış və ya qar yağan kimi yollarımız olur bataqlıq. Sanki hansısa ucqar kənddə yaşayırıq. Tamamilə biabırçılıqdır. Səhər durub işə gedirik, iş yoldaşlarımızın arasında utanırıq. Ayaqlarımız palçıq içində olur. Evə gələndə bilmirik marşrutdan necə düşək ki, ayağımız palçığa batmasın. Uşaqlarımız bu yolu keçənə qədər zülüm çəkirlər. İndiki dövrdə uşaqlarımız məktəbə qaloşla gedir. Biz qəsəbə sakinləri tezliklə tədbir görülməsini tələb edirik. Heç olmasa yollara müvəqqəti olaraq çınqıl daşı tökülsün. ”.

Taksi sürücüləri etiraz edir: “Qəsəbənin mərkəz küçəsidir, göz qabağında olan yerdir. Amma baxan yoxdur. Hər il qış aylarında maşın təmir etdirməkdən boğaza yığılmışıq. Elə bir bataqlıq yaranıb ki, elə Afrika bataqlıqlarındayıq. Neçə dəfə maşınımız sönüb qalıb yolda. Bilmirik ki, evimizə, ailəmizə, uşağımıza çörək pulu aparaq yoxsa maşının təmirinə pul xərcləyək. Hər gün bu yoldan yüzlərlə avtomobil keçir. Bəzən bu bataqlıqlar ucbatından tıxaclar yaranır. Çox dəhşətli mənzərədir. Bu müddət ərzində bir dəfə də olsun bələdiyyə və yerli icra orqanlarından gəlib bu küçədəki durumla maraqlanmayıblar. Bir  - iki dəfə olub ki, gəliblər qazıblar gediblər. Daha da pis vəziyyətə düşüb. Kimə şikayət etməyindən asılı olmayaraq, bir orqan digərinin üzərinə atır. Yollarımız bərbad vəziyyətdədir”.

Qəsəbə sakinlərindən birinin dediklərinə görə, illərdir yolları bu vəziyyətdədir amma problemi də həll edən yoxdur: “Neçə ildir mən bu qəsəbədə yaşayıram. Əvvəllər yollarımız pis deyildi. Hər şeyin bir ömrü olduğu kimi, bu yolların da ömrü var. Dağıldı, yekə çuxurlar əmələ gəlməyə başladı. Bir neçə yerə şikayət etdik, dedilər gəlib baxacağıq. Amma gələn-gedən olmadı. Prezident sərəncam verdi ki, Bakıətrafı kəndlərin və qəsəbələrin yolları təmir edilsin. Biz də ümidləndik ki, bizim də yollarımız düzələcək. Amma heç bir təsiri olmadı. Yalandan gəlib bir-iki yamaq vurdular. Həmən yamaqlar da keyfiyyətsiz olduğu üçün tez sıradan çıxdı. Bizim bu yollarımız barəsində dəfələrlə şikayətlər edilib, mətbuatda yazılıb amma yenə də baxan yoxdur”.

Ümid edirik ki, bu yazını əlaqədar təşkilatlar oxuyacaq və binəlilərin problemlərinin bir qisminə həll etməyə çalışacaqlar. 

Qaynar.info