Foto 13:42 15.12.2017

Binəqədi sakinlərinə şad xəbər (FOTO)

Xəbər verdiyimiz kimi, dekabrın 12-dən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılmışdı.

Qaynarinfo xəbər verir ki, "Azəravtoyol" ASC-nin yaydığı rəsmi məlumatda məhdudlaşdırmanın qısa müddətlik, elə həmin günün, yəni dekabrın 12-si gecə saatlarına qədər olacağı bildirilsə də, sözügedən prospektdə hərəkət hələ də tam olaraq bərpa olunmayıb.

Bu səbəbdən Binəqədi sakinləri neçə gündür ki, 3 kilometrlik yolu piyada gedib-gəlir və yolun nə zaman tam şəkildə açılacağını gözləyirlər.

Məsələ ilə əlaqədar "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında təmirin yolun bir hissəsindən, digər hissəsinə keçirildiyini və prospektin tam olaraq sabah açılacağını bildirdi:
 
"Biz qeyd etdiyiniz kimi yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsədə hərəkətin məhdudlaşdırılacağını demişdik və həmin yol da açılıb. Hazırda Azadlıq prospektinin digər hissəsi bağlıdır, o da tam olaraq sabah açılmalıdır".
 
Çingiz Səfərli