Ölkə 16:41 29.01.2018

Bir ildə əlillərin sayı niyə 31 faiz azaldı?

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən elektron sistemin əlilliyin azalmasına da imkan yaratdığını deyib:

"2017-ci ildə ilkin əlillik təyin olunanların sayı 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olub. Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azalıb”.

S.Müslümov Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcəli əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu söyləyib. O bildirib ki, bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb:

"Ötən il də 28 488 nəfər şəxsin əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi tərəfindən avtomatik uzadılıb”.

Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb.