Siyasət 09:50 28.07.2021

"Bir millət, iki dövlət"dən "iki millət, üç dövlət"ə doğru – Bakı Bəyannaməsi

"Bu, sıradan bir hadisə sayılmaz. Artıq üç qardaş ölkə bütün platformalarda öz imkanlarını birləşdirmək niyyətini dünyaya bəyan edir”. 

Qaynarinfo xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin üçtərəfli görüşünü şərh edərkən deyib. Deputat bildirib ki, Azərbaycan, Pakistan və Türkiyə artıq bir neçə sahədə üçtərəfli formatda əməkdaşlıq edirlər:

"Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "Haber Qlobal" kanalına verdiyi müsahibədə vurğulayıb ki, bu platforma Pakistanda Azərbaycan parlamentinin spikeri xanım Qafarova tərəfindən təklif edilib. Artıq Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə parlamentlərarası əməkdaşlıq formatının təsis edilməsi münasibətlərin daha sürətlə irəlilədiyini göstərir. Şübhəszi ki, bu təşəbbüs Azərbaycan prezidentinin tövsiyəsi ilə irəli sürülüb və hər üç dövlətin başçısının son illərdə yürütdüyü siyasətin ruhuna uyğun bir nəticə kimi anlaşılmalıdır”. 
 
 

Fazil Mustafa Vətən müharibəsi zamanı Pakistan və Türkiyənin Azərbaycana böyük mənəvi-siyasi dəstək verdiyini vurğulayıb:

"Şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqlarının qürurla dalğalanması faktı özlüyündə bu dəstəyə verilən minnətdarlıq cavabı idi. Gündəliyə əsasən, Bakı Bəyannaməsi qəbul olunub, gələcək koordinasiya üçün əlaqələndirici şəxslər təyin edilib. Həmçinin, Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İkinci Üçtərəfli görüşünün 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçirilməsi qərara alınıb. Belə bir tarixi hadisənin iştirakçısı olmaqdan həqiqətən qürur duydum və əminəm ki, yaxın gələcəkdə bu üç dövlətin bölgədə əməkdaşlığı bütün sahələrdə öz ciddi təsirini göstərəcək. Necə deyərlər, artıq "bir millət, iki dövlət"dən "iki millət, üç dövlət"ə doğru irəliləyə bildik. Allah bu qardaşlığımızı, birliyimizi sonadək qətiyyətlə qorumağı bizlərə nəsib etsin”.

Bahar Rüstəmli