Xəbər lenti

Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə səbəb ola bilər
Ölkə 15:52 06.04.2020

Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə səbəb ola bilər

"Dünyada uşaqlar koronavirusa yoluxmur deyə bir fakt yoxdur”.
 
Qaynarinfo xəbər verir ki, bunu Modern.az-a açıqlamasında republikanın baş pediatrı Nəsib Quliyev bildirib.

"Uşaqlar tam izolyasiya olunmalıdır”

N.Quliyev deyib ki, sadəcə uşaqlarda ağır gedişlər böyüklərlə müqayisədə dəfələrlə azdır:

"Uşaqların yoluxmaması faktı barədə heç kim açıqlama verməyib. Çin praktikasına əsaslanaraq, belə fikir səsləndirirdilər ki, koronavirusdan ölüm faizi böyüklərdə 5, uşaqlarda isə 0,2 faizdir. Valideyn olaraq hər kəs uşaqları qorumalıdır.Türkiyənin özündə 20 yaşdan aşağı olanların küçəyə çıxması qadağandır. Çünki bəzi hallarda azyaşlılar bu virusun daşıyıcısı ola bilirlər. Onlarda çox yüngül əlamətlər özünü biruzə versə də, ailədəki yaşlı insanları yoluxdurub onların ölümünə səbəb ola bilərlər. Bizdə bu qadağa olmasa da bütün bağçalar, orta və ali məktəblər bağlıdır. Bu o deməkdir ki, həmin şəxslər də küçəyə çıxmamalıdırlar. Amma bəzi hallarda görürük ki, ana yanında uşaqla mağazaya gedir. Olmaz, bütün hallarda qorunmaq lazımdır. Hər kəs dərk etməlidir ki, bu, ilk növbədə uşaqların özü üçün təhlükəlidir. Digər tərəfdən də uşaqlarda xəstəlik yüngül və səthi keçdiyinə görə çox zaman onun xəstə olduğunu bilmirlər və həkimə də müraciət etmirlər. Nəticədə uşaq özü tez bir zamanda sağalır, amma evdə olan valideynlərini, nənə və babasını yoluxdurur. Ona görə də düşünmək lazımdır ki, uşağın yoluxması bir babanın, bir nənənin həyatının sonu ola bilər. Bu baxımdan uşaqların izolyasiyası ən vacib tədbirlərdən biridir”.

"Yoluxucu şöbə tamamilə boşdur”

N.Quliyevin sözlərinə görə, uşaqların koronavirusu yüngül keçirməsi onların immun siseminin möhkəm olması, maddələr mübadiləsinin sürətli getməsilə bağlıdır:

"Uşaqlarda maddələr mübadiləsi böyüklərə nisbətən sürətlə gedir. Uşaqların orqanizminin qoruyucu funksiyası böyüklərdən 3 dəfə çoxdur. Biz uşaq həkimləri olaraq, həmişə deyirik ki, düzgün müalicə ediləndə uşaqlar həkimlərin üzünü böyüklərdən qat-qat çox ağardır. Bu təkcə koronavirusla bağlı deyil. Bəlkə də bu Allahın bizə lütfüdür ki, balalarımız bu xəstəliyi yüngül keçirirlər”.
Baş pediatr qeyd edib ki, hazırda mövsümi qripə yoluxma yox həddindədir:
"Yoluxucu xəstəliklər şöbəsi tamamilə boşdur. Bunun da ilkin səbəbi bağçaların, təhsil müəssisələrinin bağlı olmasıdır”.

"Dünyada insandan başqa elə canlı yoxdur ki, südünü balasından əsirgəsin”

Baş pediatr deyib ki, koronavirusla bağlı dünyada həyata keçirilən tədbirlər ekoloji şəraitin yaxşılaşmasına müsbət təsir göstərib:
"Hava təmizlənib, ekologiya dəyişib, canlılar bayram edir, delfinlər artıq İtaliyanın Venesiya şəhərində üzür və s. Bu faktlar onu göstərir ki, əgər biz istəsəydik, ekoloji şərait pisləşməzdi. Təbiətin elə qanunları var ki, onları pozmaq olmaz. Təbiət onun qanunlarını pozan insanlardan həmişə qisas alır. İndi təbiət məhz koronavirusla biz insanlardan qisas alır. Təsəvvür edin, ana dünyaya uşaq gətirir, amma ona süd verməkdən imtina edir. Dünyada insandan başqa elə bir canlı tapmazsınız ki, doğsun, dünyaya bala gətirsin, ondan südünü əsirgəsin. İnsan şüurlu, ağıllı varlıq olsa da, belə məsələlərdə hamıdan ağılsızdır. Ona görə də insan səhv yolu tutanda təbiət ondan qisas alır.

Bu gün bu bəladan qurtulmağın ən asan yolu ev qalmaqdır. Ona görə də hamı evdə qalsın və dünyamız normal düzəninə geri qayıtsın. Hökumət bizdən əlavə nəsə istəmir ki? Bəzi insanlar deyir "evdə qalıb darıxıram”. Mən belə insanları anlamıram. Əgər təkcə darıxmağı əsas götürüb izolyasiya prinsiplərini pozur və öz həyatımı riskə atıramsa, deməli iradəsiz insanam. Adamlar var ki, 30-40 il məhbus həyatı yaşayır. Cinayətkar olsa da, o da insandır, bəs o necə dözür? Biz sadəcə iradəli olmalıyıq. Koronavirus bütün dünya ölkələri üçün öz xalqının nə qədər sivil, mədəni, iradəli oluğunu sübut etmək üçün bir sınaqdır. Evdə qalmaq heç kimə bəla gətirməyəcək. Amma evdən çıxmaq bəlanın müddətini uzadacaq. Biz izolyasiya qaydalarına riayət etməliyik ki, bu bəladan ən az itki ilə xilas olaq”.

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirusa yoluxanlar arasında " 2-3 yaşdan 89 yaşadək şəxslərin olduğunu bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->