Ölkə 10:33 30.05.2020

“Bir yol qalır ki, əhali narahatlığı anlamalı və özünü qorumaldır...” - İqtisadçı alim

"Bunun qarşısını almaq üçün ya qaydalar tam sərtləşməli, ya da qaydalara düzgün əməl etməliyik”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O, son günlər yoluxma sayının 200-ü ötdüyünü xatırladıb:

"Azərbaycanda son gün üçün 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Ondan əvvəl 191 nəfər yeni yoluxma faktı var idi. Bu o deməkdir ki, gündəlik yoluxma sayı son 2 gündə 200-ü ötüb. Əvvəllə deyirdilər ki, havalar istiləşəndə virus özü-özünə yox olacaq. Əksini müşahidə edirik.
Dünən keçirdiyi brifinqdə TƏBİB sədri qeyd edib ki, "say beynəlxalq statistikaya uyğundur. Dalğavari yüksəlişə nəzər salsaq, görərik ki, əhali tələb olunan qaydalara əməl etmir. Bunun qarşısını almaq üçün ya qaydalar tam sərtləşməli, ya da qaydalara düzgün əməl etməliyik. Sərtləşməni də müəyyən səbəblərdən edə bilmirik”.

Qubad İbadoğlu TƏBİB sədrinin açıqlamasının maraqlı və ziddiyyətli olduğu qənaətindədir: 

"TƏBİB sədrinin qənaəti budur ki, yoluxma sayının artmasının günahı əhalinin özündədir. Təklif edir ki, yoluxmanın sayının artımının qarşısını almaq üçün sərtləşmə olmaldır, amma edə bilmirik. Nəyə görə edə bilmədiklərinin səbəbini göstərmir. Eyni zamanda dolayı yolla təsdiq edir ki, hazırkı ağır durum idarəetmənin düzgün qurulmaması ilə əlaqədardır. Maraqlı odur ki, bir tərəfdən karantin rejimi iyunun 15-dək uzadılır, digər tərəfdən də iri ticarətə məhdudiyyətlər aradan qaldırılır, "Mall"arın fəaliyyəti bərpa olunur, kafe və restoranlarda iş saatı 22-dək artırılır. Elə bil ki, virus yalnız saat 22-dən sonra yayılır, 22-dək yatır”.

İqtisadçının fikrincə, bütün bunlar Nazirlər Kabinetinin Operativ Qərargahı ilə TƏBİB arasında fikir ayrılığı mövcudluğundan xəbər verir: 
"Ümumiyyətlə, hökümətin yanaşmasında iqtisadiyyatın açılması və dövlət dəstəyinin dayandırılması əhalinin sağlamlığı və təhlüküsizliyindən daha öndədir. Bir sözlə, hökümət pandemiyaya görə vəsait xərcləmək istəmir. Hesab edir ki, başlı başını saxlamalıdır. Yeri gəlmişkən, gələn aydan başlayaraq, işsiz əhaliyə olan 190 manat birdəfəlik yardım, fərdi (mikro) sahibkarlara dəstək də dayandırılacaq. Görək bundan sonra necə olacaq? Yardımı kəsilənlər işlə təmin olunacaqmı? İşsizlərə sığorta haqqı ödəniləcəkmi? Açıq qalan və cavab gözləyən suallar çoxdur. Odur ki, əhali narahatlığı olduğu kimi anlamalıdır və özünü qorumaldır”.

Bahar Rüstəmli