Sənət 12:17 13.12.2016

“Biz hamımız iblis, eqoist və mənfur adamlarıq” - Slavoy Jijek


67 yaşlı sloveniyalı filosof Slavoy Jijek pis ata kimi çəkdiyi əziyyətlərdən, getdikcə daha da aqressivləşməsindən və yazmağın həyatını necə xilas etməsindən danışır. 

Biz hamımız mahiyyət etibarilə iblis, eqoist və mənfur adamlarıq. İşgəncə verməyi götürək, məsəl üçün. Mən realistəm. Əgər mənim qızım olsaydı, kimsə onu qaçırsaydı və mən qaçıranın dostunu tapsaydım, deyə bilmərəm ki, o qaqaşa işgəncə verməzdim. 
Zaman keçdikcə, mən daha da aqressiv olmağa başladım. Bəziləri deyir mən ifrat sağçıyam, halbuki bu qətiyyən belə deyil. Mühacir böhranında biz böyük himayədarlar kimi “onlar yaxşı adamdırlar” deməyi bir kənara qoymalıyıq. Necə ki, bizim aramızda var, onların da arasında qatillər var. Liberal qanad, mühacirlər haqda nəsə bəd bir şey yazmağa qarşı çıxır, bu da ki nəticədə anti-mühacir qanadının güclənməsinə səbəb olur. 

Yaxşı ata deyiləm. Mənə ləyaqət mücəssəmi kimi gülünc bir şeyi sırıyanda, bundan dərhal imtina edirəm. Yeniyetmə oğlum bunu mənim avtoritetimi dağıtmaqla sübut edib. Onun 14 yaşı olanda bir dəfə mən özümdən çıxmışdım, ona Sloven dilində vulqar bir söyüş söydüm: “Sənin atanı it s…” O isə cavab verdi: “Bu artıq 15 il əvvəl baş verib. Mən belə dünyaya gəlmişəm”.

Dostlarım mənə Fidel deyirlər. Siyasətə görə yox ha, sadəcə mən də danışanda dili boğaza qoymuram. Bir dəfə Kubaya getmişdim, televizorda Fidelin bir yığıncağa daxil olduğunu və belə dediyini eşitdim: “Yoldaşlar, cəmi beş dəqiqə vacib şeylər haqda danışacam”. Sonra mən yuxuya getdim, 5 saatdan sonra durdum - Fidel hələ də danışırdı. 

Polit korrekt lovğalığa nifrət edirəm. Polit korrekt ağ qaqaşlardansa, qaradərili dostlarımla daha həqiqi ünsiyyət qura bilirəm. Necə? Çirkin hekayələr, çirkin zarafatlar vasitəsilə. Xarici ölkəyə səfər edəndə, maraqlı ərzaqlar və musiqilərlə bağlı “PC games” oynayırsan, bəs sən necə həqiqətən dostcanlı ola bilərsən? Bir az murdarlıq etməklə.  

Bir gecəlik münasibətlər mənlik deyil. Mənim şəhərim Lyublyanada yatdığım bütün qadınları adla çağıra bilərsən, çünki onların hamısı mənim arvadım olub. 

İŞİD-i sevirəm demək qorxunc olardı. Ancaq siz onların təşkilatına, postmodern dəyişkən identifikasiyalarına baxın. İslamın andeqroundunda insanı azad edən bir tendensiya var: bir möhtəşəm İslam filosofu belə bir iddia irəli sürüb ki, Akvinyas İslam şairlərindən biri Avisennanın təsiri altında Aristoteli səhv oxuyub və bu yanlışlıq modernliyə, gey hüquqları və sairəyə yol açıb. 

Mənim valideynlərim sərt adamlar deyildilər, ancaq sahib çıxmaq kimi bir şakərləri vardı. Onları sevmirdim. Onların ikisi də gecə xəstəxanada vəfat etmişdilər. Ölüm xəbərlərini səhərsi gün telefonla artıq kompüterin arxasında olarkən öyrəndim. Belə dedim: “Bütün qayğılarına qaldınız? Ok, sağ olun” və telefonu qapatdım. Bunu elədiyimə görə özümü təbrik etmirəm. 

Hollivud hər şeyi bilir. O bütünlüklə “Yelisey”, “Aclıq oyunları” kimi anti-utopiyalarla çulğalaşıb. Həqiqətən belə düşünürəm ki, bu, olduqca ehtimal olunan gələcəklərdən biridir. Bu günün gəncləri böyük fəlakətə hazır olmalıdırlar, ancaq əxlaqçılığa yuvarlanmamalı, yaxşı düşünüb daşınmaqla gündəlik lokal mübarizələrdə olmalıdırlar. 

Yazmaq mənim həyatımı xilas edib. İllər əvvəl bəzi şəxsi məhəbbət qovğalarıma görə, bir neçə həftə intihar həddində oldum. Papağımı qabağıma qoyub fikirləşdim: “Özümü öldürə bilərəm, ancaq əvvəlcə yazdığım mətni bitirməliyəm. Əvvəlcə onu bitirəcəm, sonra özümü öldürəcəm”. Sonra başqa bitirməli mətn ortaya çıxdı, sonra bir başqası və budur, mən hələ də burdayam. 


Mənbə: Guardian
İngiliscədən tərcümə: Cavid Ramazanlı
Qaynarinfo.Az