Əqlin və elmin məntiqi gücünün adı: görkəmli pedaqoq Əfruz Məmmədov
Aydın CANIYEV
... Həyat-Təhsil-Pedaqogika-Ömür! İnanmıram ki, mən bir daha həyatda bu ardıcıllığı əvvəlindən sonuna yüksələn xətlə tamamlayan ikinci bir İnsan tanıyacam. Əvvəla, ona görə ki, zaman öz çətinlikləri və tələbləri, mübarizəsi və seçimləri ilə o qədər sərt olmayacaq. İkincisi də, mental dəyərlərin o müqəddəsliyə qayıtması üçün hələ ömrümdən də artıq illər gərəkəcək. Üçüncüsü, tədris heç vaxt ondakı kimi pulsuz və müəllim elə təmənnasız olmayacaq.
Belə deyək, 30 il az müddət deyil ölkənin ən müxtəlif təbəqələrinin nümayəndələri ilə təmasda olmağa, yaxşını alidən seçməyə, şansım olub, xüsusilə də müəllimləri tanımağa.
Əfruz müəllim riyaziyyatçılığından öncə, pedaqoqluğun və insanlığın təcəssümü kimi yaddaşımın səcdə guşəsinə hakim kimi gəlib... tanıdığım gündən! Elə Əfruz müəllim kimi insan davranışı, xarizması ilə riyaziyyatın elm kimi aliliyini təlqin edə bilərdi! Bütün elmlərin bir adı və törəmə bölmələri var, amma riyaziyyatın rəiyyət üçün olanı da, adının təyini olan alisi də - ali fizika, ali kimya, ali ədəbiyat yoxdur, amma... ali riyaziyyat var!
Riyaziyyat getdikcə əyarı yüksələn elmdir, yüksək əyarlı adamların elmidir, məncə də! Bu elmin tədrisçiləri Əfruz müəllim kimi insanlar, pedaqoqlar ola bilər. Amma Əfruz müəllim olmaq özü də çox kolay bir çaba.
Çox nadir insanlardandır ki, nə xatirəsi bitər, nə də insanların həyatının postulatlarını həll etməkləri.
Əgər Əfruz müəllimdəki ağıl kimdəsə olsaydı da belə, yenə də o adamlar Əfruz müəllimin həll etdikləri məsələləri həll edə bilməzdilər – buna eynilə Əfruz müəllimin malik olduğu savada da sahib olmaq zəruriydi. Lap o savad olsaydı da, yenə həll edə bilməzdilər – çünki Əfruz müəllimdəki ağıl o adamda ola bilməzdi! O səviyyədə ağıl və o səviyyədə savad milyondaibr adamda üst-stə düşüb vəhdət təşkil edə bilərdi – o istisna da Əfruz müəllim idi!
Ağlı olub, savadı, savadı olub ağlı çatmayanların digər bir defisiti oydu ki, Əfruz müəllim bu həyatda özünün istinad nöqtəsini dəqiq müəyyən etmişdi: dünyanı məhvərindən məhz həmin nöqtədən idarə edirdi!
Xıl kəndi və Bəylərbəyov adına tam orta məktəb.
55 il Xıl kəndində müəllimlik etməklə Pedaqoqluq zirvəsinə yüksəlmişdi! Bacarmışdı! Nümunə göstərmişdi! Demək olar ki, Əfruz müəllimin mənalı ömür yolunu dəfələrlə qələmə alsam da, nə həyatda, nə elmdə cavabsız heç bir sual saxlamayan Əfruz müəllimlə bağlı heç bir təbəddülatım olmadı. Düşündürən bir incə məqam var: görəsən, bu cür zəkalı, əqlli, savadlı İnsanın insanlara xeyirxahlıq və elm öyrətmək eşqindən də başqa bir umacağı olubmu? Daha nə istəyib?
Əminliklə deyirəm: Əfruz müəllimdən fərqli olaraq, tanımıram ikinci bir müəllim ki, vəzifə eşqi olmasın! Qardaşları ali məktəblərdə dekan, hökümətdə nazir müavini, dostları akademik, maarif naziri ola-ola, heç məktəb direktorluğu da istəməyib!
Tanımıram ikinci bir müəllim Əfruz müəllimdən fərqli olaraq, ölkə rəhbərinin trafikini bilsin, harada dayanacağını təxminləsin və iki variantdan birində məktubu əlbəəl versin ölkə başçısına!
Tanımıram ikinci bir müəllim Əfruz müəllimdən fərqli olaraq, hökümətdə və dövlətdə istədiyi səlahiyyətli şəxsin otağına girsin və özünün istədiyi nəticəylə, cavabla çıxsın! Olmayıb elə bir rəhbər işçi – nazir, prokuror, hakim, hətta prezident ki, Əfruz müəllimin istəyini, qanuni, ya qanunsuz, yerinə yetirməsin! Olmayıb!
Bilirsiniz, Əfruz müəllimin məntiqi, nüfuzedici baxışı, istəyinin nədənini konkret və dəqiq ifadəsi mümkünsüz edib ona "yox” deməyi, qanunu qabağına kötük atmağı!
Moskvada, Tovuzda, Tiflisdə, Bakıda, Lənkəranda, hər yerdə, hər yerdə... Əfruz müəllimin dediyi olub. Hətta məhkəmə zalında! Sovet hökümətinin məhkəmə zalından şərlənib qisasla tutdurulan adamı qaçırdan kişi olub Əfruz müəllim!
Şagirdlərinə riyaziyyatı o qədər incəliklə öyrədib ki, həyat məsələlərini həll edə bilməmək acizliyində qalmayıblar - əlbəttə, söhbət oxuyanlardan gedir! Elmlər doktoru, professor olan riyaziyyatçılar var Xıl kənd məktəbinin məzunları içərisində. Özü də saysız-hesabsız!
Mən türmədə olanda çox istəyə köklənməmişəm: Qazaxda şair, eyni zamanda müəllim Bəxtiyar Hidayətlə görüşməyi, təyyarədə Moskvaya uçmağı və Əfruz müəllimin məzarını ziyarət etməyi.
Əfruz müəllimin Pedaqoq olduğunu bir də orada anladım: bu gözəl insan 55 il müəllimlik edib!!! Heç vaxt da giley etməyib ki, danadırlar, başa düşmürlər, oxumurlar!
Çünki pedaqoq olaraq, başa salmağı, öyrətməyi, oxutmağı bacarıb!
Dəfələrlə məqam gəzmişəm ki, Əfruz müəllimdən sitat gətirim, onun həyat təcrübəsindən nümunələri çatdırım, çıxılmaz situasiyalarda məntiqinin çevikliyinə aid misalları göstərim. Bəlkə də məni bir otağa salıb yüz gün saxlasalar, "hər gün bir yazı yaz” desələr Əfruz müəllimdən, inanın, yorulmadan, təkrarçılığa yol vermədən yaza bilərəm!
Yoxdur həyatın, elmin, təhsilin, pedaqogikanın elə bir müşkülü ki, Əfruz müəllimin həyatında onun ən asan həlli olmasın!
Əfruz müəllimin orbitində istənilən adam mütləq və mütləqdir ki, hazırcavab və ruslar demiş, "naxodçivıy” olmağa məhkum olub!
Çünki Əfruz müəllim nüfuz olub, qürur olub, ağsaqqal olub, onu ancaq sevindirməyi bacarmaq önəm daşıyıb. Düzdür, mən eşitmədim, kimsə də danışmadı, bəlkə də hansısa bədbəxt, korazehin haçansa axmaqlıq cəhdində olub, yəqin ki də Əfruz müəllimin cəzasına bələdlikdəndir ki, növbəti addımlar olmayıb, olan da unudulub.
Əfruz müəllimin həyatında çətin, taleyüklü məqamlar çox olub, başqaları bəlkə də itib-batacaqdı, əriyib gedəcəkdi, amma Əfruz müəllim hər zaman öz yerində olub – dərs vaxtı dərsdə, dərsdən sonra öz gündəlik rejiminə uyğun olaraq, məsləhət bildiyi yerlərdə. Heç bir cəhd, heç bir çaba onun dəngəsini poza bilməyib. Nadir hallarda ehtiyac olub ki, axşam minib qatara, gəlib Bakıya, növbəti gün qayıdıb, vaxtında dərsinə davam edib!
Bəzən insanlarla təması, qohumlarla münasibəti öyür-çöyür edəndə həmişə bu misalı gətirirəm – çünki indiki gənclər kreativlik, demokratiya, fikir azadlığı, tolerantlıq, nə bilim, "qaşqaldq-qaşqaldaq” özgürlüklər sərgiləyəndə zəruri olur.
Qardaşı qızını qəbul imtahanına gətirən Əfruz müəllim hamı kimi gözləyir ki, uşaq indi imtahandan çıxacaq. İmtahandan çıxan qardaşqızı yaxınlaşır, hamının eşidə biləcəyi səslə və sevincli təbəssümlə deyir:
- Əmi, getdik! "4” aldım!
- Camaatdan aralanan kimi PEDAQOQ Əfruz müəllim hiss edir ki, dəstədən tezliklə ayrılmaq istəyi heç də xeyirliyə deyil. Cavab özünü yubatmır:
- Əmi, "2” aldım.
- Bəs orda nyə demədin?
- Əmi, mən heç səni camaatın içində pərt edərəmmi?
Həmin qız növbəti il ali məktəbə qəbul olunub. Bitirəndən sonra Lənkəran məktəblərində ən nümunəvi müəllimlərdən olub, həm də mənim oxuduğum Kərgəlan kənd məktəbində direktor işləyib: Nəzakət xanım.
Bəli, Əfruz müəllim pərt edilməyə layiq kişi sayılmayıb!
Bəli, Əfruz müəllim sevimli ata olub, qohum olub, müəllim olub, pedaqoq olub! Sərasər 55 il!
Əfruz müəllim xatirə deyil, yaddaşdır! Mən həyatda yaddaş olan insanları, xüsusilə də müəllimləri sevdim, səcdə elədim!
Əfruz müəllimdən yazarkən, düşünərkən, sözlərin ən abırlısını, ağıllısını, alisini seçib-sonalayıram, müəllim, şəxsiyyət, pedaqoq haqqında ən dahiyanə fikirləri axtarıram, elə bilirəm, çox böyük günah etmiş olaram müəllimə aid hansısa müqəddəs bir söz olar, yadımdan çıxar, onu Əfruz müəllim haqqında yazmaram!
Əslində, fikirləşirəm ki, hələ nə qədər yazsam da, yazılsa da, bu gözəl insanı tam təqdim edib qurtara bilməyəcəyik: onun elm, insanlıq, tədris, pedaqogika, ictimai birgəyaşayış, dostluq, ailə-əxlaq haqqında fikirləri ayrı-ayrılıqda bir yazıdır. Biz nə qədər vicdanlı olsaq, o qədər də bu görkəmli şəxsiyyəti tərənnüm edərik!
Bu yaxınlarda bir kadra baxdım. Rusiya prezidenti Vladimir Putin ölkə başçısı Heydər Əliyevin dəfninə gələrkən ondan mərhum prezidentə münasibətini soruşurlar. Cavab verir:
- Mən ona təkcə hörmətlə yanaşmırdım, mən həm də onu sevirdim!
Bu cür möhtəşəm fikri mən ancaq Əfruz müəllim haqqında deyə bilərəm... tanıdıqlarımın içində!
Bu gün onun – 55 il ömrünü kəndinin maariflənməsinə həsr etmiş, elmlərin şahı riyaziyyatı öyrətmiş görkəmli pedaqoq Əfruz Məmmədovun ad günüdür!
Onu səcdələr və sevgilərlə yad etmək, ona layiq hörmətlə ehtiram və sayğı göstərmək mənim qələm və insanlıq borcumdr!
Mən bu həyata və bu yer üzünə bağlı adam deyiləm, amma hansısa məqamda daha çox yaşanaq istəyirəm ki, bu xalqın, bu dövlətin ziqiymət insanlarını təbliğ edim! Bəlkə də yaşamaq eşqimdən imtinama baxmayaraq, İlahi məni bu niyyətimə görə bu gündən sabaha, bu ildən o ilə adladır. Ki... bu missiya ilə mənim günahlarımı əv etsin!
Zatən də Əfruz müəllim günahkar insanları tövbə qapısından keçirib normal həyata qaytaran insan olub!
Sizə "unudulmadınız” demirəm, Sizə "həmişə xatirimizdəsiniz” demirəm, "Siz bizim Yaddaşımızsınız, əziz İnsan Əfruz müəllim”, - deyirəm!
Ad gününüz mübarək!
Bütün sabahlara elminizin, əqlinizin, məntiqinizin, işıqlı, nüfuzedici baxışınızın müşayiətiylə addımlayırıq! Bilin ki, varsınız – öyrətdiyiniz iki vur iki kimi!
Şərhlər