Dünya 10:36 15.03.2018

BMT Təhlükəsizlik Şurası Skripal üçün toplaşdı

BMT Təhlükəsizlik Şurası sabiq rus agenti Sergey Skripal və qızı Yuliyanın İngiltərədə sinir qazı ilə sui-qəsdə məruz qalması barədə təcili iclas keçirib.

Qaynarinfo xəbər verir ki, İngiltərənin tələbi ilə toplanan BMTTŞ üzvləri Rusiyanı sui-qəsd cəhdində ittiham edib. ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli Rusiyanın vicdansız cinayət işlədiyini deyib.

BMT baş katib sözçülərindən olan Fərhan Haq sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsi ilə bağlı danışaraq bu addımı beynəlxalq qanunların pozulması kimi qiymətləndirib.

Rusiya isə bu ittihamları rədd edir. Bu ölkənin BMT-dəki daimi təmsilçisi Vasili Nebenziya iddiaları rədd edərək cinayətin Rusiya tərəfindən törədilmədiyini vurğulayıb.:
"London başqalarını günahlandırmaq əvəzinə öz torpağında nə baş verdiyini anlamalıdır, çünki nəzakətli insanlar belə davranır. Bizim bu hadisə ilə heç bir əlaqəmiz yoxdur və ortaq istintaqa hazırıq. Heç nədən qorxumuz və gizlədiyimiz bir şey yoxdur".

Qeyd edək ki, dünən Britaniya baş naziri Tereza Mey 23 rus diplomatın ölkədən deportasiyası barədə qərar verib. Baş nazir bu ölkəyə qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini vurğulayıb.

Gülşən