Məmməd SÜLEYMANOV
Sənət 20:30 11.03.2020

Boris Vian, taleyin ərköyünü...

Məmməd Süleymanov
 
"Aortam partlayıb öləcəm.
Fərqli bir axşam olacaq -
Həssas, isti və aydın
Və dəhşətli...” (Boris Vian. "Ölüm cəhdi”)

O cür də oldu. 1959-cu ilin isti iyun günü özünün qalmaqallı "Mən sizin qəbrinizə tüpürməyə gələcəm” romanı əsasında çəkilmiş eyniadlı filmin təqdimatına getdi. İlk sırada əyləşdi və nümayiş başlayandan 10 dəqiqə sonra başı çiyninə düşdü.

Ürək. Son illərin əsəb və yorğunluğu toplanıb öldürücü dozaya çevrildi. "Stereotiplərin dağıdıcısı” və taleyin ərköyünü 39 yaşında vəfat etdi.

***

Boris Viana "insan-orkestr” də deyirdilər. O, artıq 20-ci əsrdə qalmış və bizim hər-şey-şünas heç nə bilməyənlər dövrü olan 21-ci əsrdə rast gəlməyəcəyimiz bir fenomenin - eyni vaxtda bir çox sahədə istedadlı olmaq ağırlığının daşıyıcılarından idi. Yazıçı, şair, musiqiçi, aktyor, müğənni, rəssam. Qiyamçı, nonkonformist, epataj modernist (postmodernistlə qarışdırmayın).

O, elə yaşayırdı, sanki eyni vaxtda bir neçə məkana gecikməmək üçün tələsirdi. "Sürətlə yaşa, tez öl” şüarı sonralar - 60-cı illərdə ortaya çıxacaqdı. Gələcəyin adamı Boris Vian burada da sonrakı illəri qabaqladı.

***

Düz 100 il əvvəl - 1920-ci ilin 10 martında iri burjua ailəsində dünyaya göz açır. Atası Pol Vian fabrikant və həvəskar tərcüməçi, anası İvonna Voldemar-Ravene isə Bakıda neft yataqları və Fransada zavodları olan zəngin nəslin varisidir. Klassik musiqini yaxşı bilən və duyan ana oğluna sevimli bəstəkarı Modest Musorqskinin "Boris Qodunov” operasının baş personajının adını verir. Sonralar böyüyüb cəmiyyətin sakitliyini pozmağı seçən Viana bu səbəbdən hər dəfə "Rədd ol kommunist Rusiyasına!” qışqıracaqdılar.

Onun bir ömür davam edən epatajı nə ad-san, nə məşhurluq, nə pul üçündü - bu, indiki birgünlük və istedadsız epataj fiqurlardan onu kəskin fərqləndirir. Üstəlik, onun hər addımı sosial və siyasi motiv daşıyırdı. Yəni, Boris Vian heç bir siyasi təşkilatda olmayan Sol baxışlı anqajement şəxsiyyətdi. Epataj isə onun üçün sinfi, milli, irqi ziddiyyətləri aktuallaşdırmaq üsulu idi.

Və onu yazdığı romanın, yaxud şeirin başqasının adı ilə nəşr olunması və yayılması da qəti narahat etmirdi (Bu günkülərlə daha bir fərq). 1946-cı ildə işıq üzü görən ilk romanı - "Mən sizin qəbrinizə tüpürməyə gələcəm” - buna həm də ilk sübutdur.

Kitabın üz qabığında müəllif kimi Vernon Sallivanın adı yazılmışdı. O, afroamerikalı yazıçıdır, "ağ zənci”dir (yəni, əcdadları arasında ağlar və zəncilər var, özü isə zahirən ağdərilidir). Sallivanın qaradərili qardaşını ağ qızı sevdiyinə görə linç ediblər. ABŞ-dakı irqçilik siyasəti kitabı çap etməyə imkan vermədiyindən, müəllif Fransada nəşr olunmağı seçib.

Erotik səhnələr və sadist epizodların az olmadığı romanda baş qəhrəman Li Anderson öldürülmüş zənci qardaşının qisasını almaq üçün amansız yol seçir - iki ağdərili bacıya özünü sevdirir, sonra da onları qətlə yetirir.

Bəli, bu, irqçiliyə qarşı manifestdir, ancaq necə! Vian söyləmək istəyir - ağların irqçliyinə qarşı qaraların irqçiliyi başlayacaq, o vaxt vakxanaliya və qan gölməçələri qaçılmazdır, mənəvi dəyərlər və əxlaq imperativləri yox olacaq. Əks-cavab barbarlığa qarşı barbarlıq forması alacaq. Nəticəsiz, mənasız Qiyam - sonunda heç nə dəyişməyəcək.

Üstəlik, digər mesaj da var və o, yalnız irqi seqreqasiya ilə yox, cəmiyyətdə olan istənilən həllsiz ziddiyyətlə bağlıdır - istər sinfi, istər milli, istər dini... O vaxt ki, etiraz fayda vermir - müqavimət başlayır. Həllsiz ziddiyyətlərin düyünü - Qordi düyünüdür, onu açmağın yolu kəsməkdədir.

Respektabelli burjuanı romanın mesajlarından çox, üslubu narahat edir. Və əvvəl Daniel Parker adlı "mənəviyyat qoruycusu”, ardınca da 1-ci Dünya müharibəsi veteranları assosiasiyası Vernon Sallivanı məhkəməyə verir.

Məhkəmə zamanı Vian təsdiqləyir - Sallivan mistifakasiyadır, əsərin müəllifi isə özüdür. Vernon Sallivanı isə dostu Klod Abadinin caz orkestrindəki musiqiçi Pol Vernonun və məşhur pianoçu Con Sallivanın soyadlarından quraşdırıb (bu imza ilə Vian sonralar da bir neçə əsər yazacaqdı).

Hökm: kitab qadağan olunur, müəllifə isə 100 min frank cərimə kəsilir. Ancaq cin şüşədən çıxıb. 

Vianın da öz qisas üsulu var - növbəti "Bütün ölülər eyni rəngdədir” əsərində o, şikayətçi Parkerin adını mənfi personajlardan birinə verir.

***

Onun məhsuldarlığına yalnız təəccüblənmək qalır. 2 ay ərzində yazılmış "Mən sizin qəbrinizə tüpürməyə gələcəm”dən sonra elə həmin 1946-cı ildə ikinci roman işıq üzü görür: "Günlərin köpüyü”. Burada Vian ikinci dərəcəli personajlardan birini Jan Sol Partr adlandırır - artıq təsvirdən bəlliydi ki, söhbət Sartrdan gedir.

Onların ədavəti yox idi, əksinə yetərincə yaxın dostdular. Sartr həm romana resenziya yazır, həm də ondan parçaları öz jurnalında dərc edir. Sartrın hədəf seçilməsi isə müharibədən sonrakı Fransada ekzistensialist fəlsəfənin intellektual dairələrdə az qalsın fetişləşdirilməsinə, son instansiyada həqiqət ranqına yüksəldilməsinə qarşı etiraz idi.

Vianın ölümündən sonra, 68-in mayında "Günlərin köpüyü” etirazçı tələbələrin və gənc fəhlələrin ən sevimli kitablarından biri olacaqdı (Marksın "Kapital”ı və Maonun "Qırmızı kitab”ı ilə bərabər).

Mövzu yenə sosialdır - böyüməyin çətinliyi və ağrıları. Bayram kimi başlayan yeniyetməliyin işsizlik və pulsuzluğun gətirdiyi çətinliklər və məşəqqətlərlə dolu gəncliklə əvəzlənməsi. Qadını xəstələnən qəhrəman dərmana pul tapmaq üçün öz bədəninin istiliyi ilə yerdən cücərib çıxan silahları isitməlidir. Metafora aydındır: insanlar cansızdır, əşyalar isə canlı. Bu, süni tələbatları və maddiyatı birinci plana çəkən kapital dünyasına etirazdır. Harada ki, əşyalar və onların əldə olunması əsas qayəyə çevrilir, orada insanlar ölüdür, istehlak subyektləri isə diri.

***

1950-ci illərin əvvəlində şair Vian peyda olur. İlk şeirlərini sadəcə əyləncə üçün yazır. Və 1954-cü ildə Paris bohemasının sevimlisinin "Fərari” şeri məşhurlaşır. O, şeirə musiqi bəstələyir, ancaq onu ifa etmək üçün peşəkar müğənni tapmaq müşkülə çevrilir. İlk razılaşan Marsel Muluci olur və karyerasını zərbə altına qoyur. Mahnı 1962-ci ilə qədər qadağan olunur.

Gözlənilən idi - nasizmə müqavimətsiz təslim olmuş Fransa 1950-ci illərdə Hind-Çində qanlı işğalçı savaş aparır, "Fərari” yazılanda Dyenbyenfu bədnamlığına aylar qalırdı, üfüqdə isə artıq Əlcəzair müharibəsinin konturları görünürdü. Belə bir məqamda Boris Vian şeirində yazırdı:

 "Cənab prezident,
Mən savaşmaq istəmirəm,
Mən dünyada yoxsul adamları
Öldürmək üçün deyiləm.
.
Sizi hirslətmək istəyim yoxdur
Ancaq deməliyəm
Mən qərarımı vermişəm:
Mən fərariyəm...”

Rəsmi təbliğatın ifrat militarizmi fonunda Boris Viana pasifizminə görə heç kəs sağ ol deməyəcəkdi. Ancaq elə Vianda da görə bilərik: bu pasifizm heç də savaşmağı inkar etmir. Daha doğrusu, işğalçı savaşlara "yox”, ancaq söhbət müdafiə olunmaqdan, yaxud sinfi ziddiyyətləri həll etməkdən gedirsə - savaş inkardan təsdiqə çevrilir.

Cəmiyyətin faydası naminə pasifist döyüşməyə hazırdır, ancaq kapital naminə - heç vaxt.

Bu pasifizmin zirvəsini Vianın "Ürpəşmə” hekayəsində də görə bilərik. Qısa bir epizod-sonluqda:

" Hələ də minanın üzərində dayanmışam. Bu səhər keşik çəkməyə göndərmişdilər, həmişəki kimi, arxada gedirdim. Qalanları yan keçdilər, mənsə ayağımın altında şıqqıltı səsi eşidən kimi yerimdə dondum. Bunlar yalnız ayağını çəkəndən sonra partlayırlar. 

Cibimdə olan hər şeyi uşaqlara ötürdüm və uzaqlaşmalarını dedim! Burda tamam təkəm. Gözləyə də bilərdim, amma onların qayıtmamasını söyləmişdim. Kənara tullanıb, yanpörtü yerə uzanmağa da cəhd etmək olar, amma ayaqsız yaşamaq dəhşətli şeydir... Yalnız bloknotla qələmi saxlamışdım. Ayaqlarımı növbələməzdən öncə cibimdə qalan bu iki əşyanı bacardığım qədər uzağa atıram, onlarınsa yerini dəyişmək vaxtı çatıb, çünki bu lənətə gəlmiş müharibə canımı lap boğazıma yığıb və ayağım ürpəşir...”

***

Onu dəfn edəndə çoxlu adam toplaşmışdı. Yalnız qəbirqazanlar yoxdular. 

Həmin gün məzarçıların tətili idi...