Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadakın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanatı erməni mətbuatında düzgün izah olunmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, bu barədə Bosniya və Herseqovina XİN-in Azərbaycanın Sarayevodakı diplomatik nümayəndəliyinə ünvanlanmış cavab notasında bildirilir.
O qeyd edib ki, Ermənistan KİV-in məlumatına görə, guya nazir İ.Tsrnadak Ermənistana səfəri çərçivəsində 30 avqustda həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransı zamanı "Ümid edirik ki, uzun müddətdir davam edən münaqişə, ilk növbədə, orada yaşayan xalqın xeyrinə həll ediləcək", - deyə bəyanatla çıxış edib:
"Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik missiyası bu ölkənin XİN-ə nota ilə müraciət edib. Bosniya və Herseqovina XİN tərəfindən Sarayevodakı diplomatik nümayəndəliyimizə ünvanlanmış cavab notasında bildirilir ki, cari ilin 30 avqust tarixində Yerevanda keçirilmiş mətbuat konfransı zamanı xarici işlər naziri İ.Tsrnadak tərəfindən verilmiş bəyanat nə Dağlıq Qarabağ münaqişəsinin həllinə zərər vurmaq, nə də ki, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünə xələl gətirmək məqsədi daşıyıb. Notada yazılır: "Çox güman İ.Tsrnadak tərəfindən səsləndirilən bəyanatın bir hissəsi mətbuat tərəfindən düzgün başa düşülməyib, o anlamla ki, İ.Tsrnadak Dağlıq Qarabağın bütün əhalisini, o cümlədən münaqişə nəticəsində yurdlarından didərgin düşən insanları nəzərdə tutub".
H.Hacıyev deyib ki, notada Bosniya və Herseqovina XİN fürsətdən istifadə edərək Bosniya və Herseqovina Parlament Assambleyasının 2013-cü ildə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək ifadə edən Qətnamə qəbul etdiyini xatırladıb:
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, notada Bosniya və Herseqovina ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyi və regionda möhkəm sülh və sabitliyin təmin olunması üçün Minsk qrupu çərçivəsində sülh prosesinin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Notada, həmçinin iki ölkə arasındakı əlaqələrin dostluq xarakteri daşıdığı bildirilərək Bosniya və Herseqovinanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı şəkildə ifadə olunmuş birgə maraqlar naminə əlaqələri bundan sonra da inkişaf etdirmək üçün səylərini əsirgəməyəcəyi ifadə olunub".
Qaynarinfo.Az
Şərhlər