Dünya 23:35 24.03.2019

Brexit: Tereza Meyə istefaya getmək təklif olunur

Böyük Britaniyanın baş naziri Tereza Mey özünün Brexit planına dəstək qazanmaq üçün vəzifəsindən gedəcəyini söz verməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Mühafizəkar Partiyasının yüksəkvəzifəli üzvləri BBC-yə bildiriblər.

Partiyanı parlamentdə təmsil edən deputatlar deyiblər ki, onlar "Brexit"ə dair müqaviləni həvəssiz də olsa, dəstəkləyə bilərlər, lakin bir şərtlə ki, Avropa İttifaqı (Aİ) ilə danışıqların növbəti mərhələsinə Tereza Mey rəhbərlik etməsin.

Böyük Britaniyanın maliyyə naziri isə qeyd edib ki, baş nazir vazəfəsində dəyişklik etməklə məsələ həll olunmur, çünki söhbət "şəxsiyyətlərlə bağlı deyil".

Hökümət Tereza Meyin istefa verməyə məcbur edilməsi barədə xəbərləri təkzib edib.

Bu arada Böyük Britaniya qəzetləri hökümət nazirlərinin Tereza Meyi istefaya göndərmək məqsədilə iş gördüklərini yazıb.

Ötən çərşənbə günü, martın 20-də Böyük Britaniya parlamenti Tereza Meyin hazırladığı "Brexit" planını rədd etdikdən sonra baş nazir parlament üzvlərini təxribat törətməkdə ittiham edib.

Parlament səsverməsini uduzduqdan sonra Böyük Britaniyanın baş naziri Avropa İttifaqına "Brexit" tarixini müəyyən müddətə təxirə salmaq xahişilə müraciət edib.

Nəticədə, Aİ liderləri Britaniyanın Avropa İttifaqından ayrılma tarixini martın 29-dan aprelin 12-ə keçirmək barədə qərar qəbul ediblər.

Bu zaman qeyd olunub ki, Tereza Meyin "Brexit" planı gələn həftə Böyük Britaniya parlamenti tərəfindən qəbul edilərsə, "Brexit" üçün son tarix mayın 22-dək uzadıla bilər.

Şənbə günü, martın 23-də yüz minlərlə insan Londonun mərkəzində yürüşə çıxaraq "Brexit"lə bağlı Böyük Britaniyada ikinci ümumxalq referendumunun keçirilməsini tələb ediblər.