Ölkə 16:00 18.03.2021

COVİD-in Britaniya stammından təşvişə düşməyə dəyərmi? – Mütəxəssis

"Britaniya stammının bütün klinik əlamətləri COVİD-19-da olduğu kimidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, bu ştammın yayılması ilə bağlı təşvişə ehtiyac yoxdur:

"Ölkədə artıq Britaniya ştammının olduğu təsdiqləndi. Ümumiyyətlə, COVİD-19 infeksiyasının çoxsaylı mutasiyaları var. Onların içərisində Britaniya, Cənubi Afrika, Braziliya və s. stammlar var. Stammlar deyəndə insanlar qorxuya, panikaya düşür. Bu, mikroorqanizmlərin bir xüsusiyyətidir ki, bunlar artıb-çıxalıb mutasiyalara uğrayılar və nəticədə yeni-yeni stammlar əmələ gətirirlər. Bu qrip və digər infeksiyalarında da belədir. Qorxub, panikaya düşməyə ehtiyac yoxdur. Bu virus mutasiya olunub, Britaniya variantına çevrilib. 
 
Virus iki ay əvvəl Britaniyada aşkar olundu, insanlar həyacan keçirdilər. Sonda nə oldu? Bu müddətdə Britaniyada yoluxanların sayında artım olsa da, dünyasını dəyişənlərin sayında ciddi artım müşahidə olunmadı”.
 
 

İnfeksionist qeyd edib ki, bütün dünyada bu stammın yoluxuculuq  xüsusiyyətinin çox olması haqqında məlumatlar yayılır:

"Tez yayılır, amma ölüm hallarına ciddi təsir göstərmir. Ölüm faizi COVİD-19-da olduğu kimidir. Burada qeyri-adi heç nə yoxdur. Bizim ölkəmizə gəlib və bu bizi bir daha düşündürməlidir. Britaniya ştammının ayrıca bir klinik əlaməti yoxdur. Diaqnostika prinsipləri eynidir, sadəcə olaraq, burada reaktivlərdə fərq oluna bilər. Eyni tədbirləri həyata keçirib, daha diqqətli və məsuliyyətli olmalıyıq”.

Bahar Rüstəmli