Siyasət 10:22 03.03.2020

Brüsseldən Ankaraya zəng, təcili bir milyard təklifi, Ərdoğanın cavabı... (ŞƏRH)

"Avropa növbəti qaçqın axınına hazırlaşmalıdır”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, qeyd edib ki, Türkiyə 9 ildə suriyalı miqrantlara 40 milyard dollara yaxın pul xərcləyib: 

"Prezident Rəcəb Tayyib Ərdoğanın illərdir Türkiyədə yaşayan suriyalılara Avropa İttifaqına keçidə icazə verdiyi bir neçə gün ərzində yüzminlərlə insan Yunanıstanla sərhədə axışıb. Yunanıstan ordunu sərhədə töküb. Sərhədi keçmək istəyənlərdən iki nəfəri öldürüb, birini yaralayıblar. Bunu Türkiyə etsəydi, Avropa ayağa qalxardı. Ancaq Brüsseldən gələn bugünkü açıqlamada Yunanıstana dəstək ifadə edilib. Bolqarıstan da miqrantların sərhədinə toplanmasından çəkinir. 
 


Avropa İttifaqının ən kasıb dövləti olan Bolqarıstan miqrantları qəbul etməyə hazır deyil. Ancaq Yunanıstandan fərqli olaraq Bolqarıstanın Türkiyə ilə münasibətləri normaldır. Bolqarıstanın baş naziri Boyko Borisov təcili Ankaraya gedərək Ərdoğanla görüşüb. Türkiyə prezidenti Borisovla dostluğunu bir daha təsdiq etsə də, Bolqarıstan baş nazirinin "gəlin, Sofiyada Siz, mən və Yunanıstanın baş naziri görüşək” təklifini rədd etdi. Ərdoğan birgə mətbuat konfransında yenə Avropa İttifaqını sərt tənqid etdi, Brüsselin miqrantlar üçün vəd etdiyi 6 milyard dolları ayırmadığını bildirdi. Türkiyə 9 ildə suriyalı miqrantlara 40 milyard dollara yaxın pul xərcləyib. Türkiyə sərhədində miqrantlara Avropa istiqamətində hərəkətə sərbəstlik verdikdən sonra Brüsseldən Ankaraya bu məzmunlu zəng gəlib: "Miqrant axınını dayandırın, sizə təcili 1 milyard dollar ayıraq”. Ərdoğan Brüsselin bu təklifini rədd edərək, "artıq gecdir” cavabını verib”.

Elxan Şahinoğlu bildirib ki, Borisov Ankaradan əliboş dönüb: 

"Ankara miqrant yükünü daha təkbaşına daşımaq istəmir. Haqlıdır. Avropanın yanaşması belədir ki, "Suriya və miqrantlar bizim problem deyil, hadisələr Türkiyə sərhədində baş verir, qoy əziyyətini də Ankara çəksin”. Ankaranın cavabı isə belədir ki, hansı köçkün Türkiyədə qalmaq istəyirsə, bunda problem yoxdur, ancaq Avropaya köçmək istəyənin qarşısını almayacaqlar. Avropa növbəti qaçqın axınına hazırlaşmalıdır”.

Bahar Rüstəmli