Ekonomiks 11:31 18.02.2020

Bu addım nəqliyyat sıxlığına və ekologiyaya müsbət təsir göstərəcək (RƏYLƏR)

"Şəhər şəraitində velosiped çox səmərəli, ucuz və ekoloji cəhətdən təmiz nəqliyyat növünə çevrilə bilər".

Qaynarinfo xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev Bakı Nəqliyyat Agentliyinin (BNA) 19 km-ə yaxın velosiped yollarının hazırlanması ilə bağlı layihəsini şərh edərkən deyib. Ekspert bildirib ki, infrastrukturun tikilisi çox baha başa gəməsə də, layihələndirmə və təhlükəsizlik amilləri baxımından çox böyük diqqət tələb edir:

"Hazırda BNA-nın velosiped yollarının tikinti və layihələndirmə planına əsasən qurum iki istiqamətdən velosiped yollarının tikintisinə başlamaq, sonra isə onları birləşdirərək şəhərin bir hissəsini əhatə edən velosiped yolları şəbəkəsini qurmaq niyətindədir. Şəbəkənin sxemindən məlum olur ki, bu sadəcə əyləncə məqsədli velosiped infrastukturu deyil və burada velosipeddən real nəqliyyat vasitəsi kimi istifadə etmək olar.

Velosiped birləşdirici nəqliyyat olduğundan metro stansiyalarında, nəqliyyatın mübadilə mərkəzlərində velosiped dayanacaqlarının qurulması evdən stansiyaya çatmaq üçün velosipeddən istifadəyə əlverişli şərait yarada bilər. Buna görə də, böyük nəqliyyat qovşaqlarında velosiped dayanacaqlarının yaradılması önəmlidir. Həmçinin, velosiped yollarının səkilər üzərinə deyil, avtomobil yollarına tətbiq edilməsi daha məqsədəuyğun olar". 
 


"Velosiped infrastrukturunun olması ilə bir çox insan qısa məsafələr üçün ictimai nəqliyyatdan istifadə etməyə bilər".

"Velosiped infrastrukturunun olması ilə bir çox insan qısa məsafələr üçün ictimai nəqliyyatdan istifadə etməyə bilər. Bu zaman avtobus və avtomobil əvəzində velosipeddən istifadə oluna bilər ki, ekologiyaya müsbət təsir göstərən amillərdəndir. Nəzərə alsaq ki, hal-hazırda Avropada mikromobillik - elektrikli skuterlər, seqveylər və digər elektrikli hərəkət vasitələrindən istifadə genişlənir, velosiped infrastrukturunun qurulması gələcəkdə Azərbaycanda da mikromobillik vasitələrindən geniş istifadəyə gətirib çıxara bilər", - deyə ekspert əlavə edib.
 

 
"Agentlik bu işi böyük ölçülü şəbəkə şəklində görmək niyətindədir".

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev isə bildirib ki, bu vaxta qədər velosipeddən nəqliyyat vasitəsi kimi istifadə oluna bilməməsinin kökündə velosiped yollarının olmaması dururdu: 

"Çünki yollarda velosiped sürücülərinin təhlükəsizliyi təmin olunmamışdı. BNA hazırda velosiped yollarının qurulması ilə bağlı işlərə başlayıb. Layihə ilə tanış olduqda agentliyin bu işi böyük ölçülü şəbəkə şəklində görmək niyətində olduğu məlum olur. Azərbaycan Velosiped İdmanı Federasiyası da bu layihənin icrasını dəstəkləyir".

Ekspert təklif olaraq yeni velosiped yollarının plitələrdən deyil, rəngli asfaltdan olmasının məqsədəuyğunluğundan danışıb: "Rəngli asfalt velosiped yolunu avtomobil yolundan fərqləndirmək üçün yaxşı vasitədir. Həmçinin, təhlükəsizlik baxımından velosiped yolları müəyyən vasitələrlə əsas yoldan ayrılmalıdır ki, avtomobillər həmin yola daxil ola bilməsin".

P. Musayev əlavə edib ki, Avropanın velosiped infrastrukturu inkişaf etmiş ölkələrində nəqliyyat vasitəsi kimi kirayə yolla velosiped əldə etmək mümkündür: "Paytaxtda da bu təcrübənin tətbiqi üçün BNA velosiped qovşağı yaratmaq niyətindədir. Belə ki, bu zaman təcrübəli şirkət cəlb olunaraq şəhərin müxtəlif yerlərində velosiped dayanacaqları quraşdırılmalıdır".

Ekspertlər bildirir ki, velosiped infrastrukturunun qurulması qısa məsafələrdə avtobuslar və şəxsi avtomobillərdən istifadəni azaldacaq ki, bu da nəqliyyat sıxlığına və ekologiyaya müsbət təsir göstərəcək.
 


Aydın
Qaynarinfo.az