Texnologiya 09:14 21.02.2018

Bu alqoritm göz vasitəsilə diaqnoz qoyur

"Google" və şirkətin sağlamlıq-texnologiya şöbəsi olan "Verily"dən olan alimlərin hazırladıqları alqoritm insanda ürək xəstəliyi və infarkt ehtimalını müəyyənləşdirə bilir.

Qaynarinfo The Verge-ə istinadən xəbər verir ki, insanın gözünü analiz edən texnologiya yaş, qan təzyiqi, şəxsin siqaret çəkib-çəkmədiyini deyə bilir. Belə ki, gələcəkdə bu metoddan istifadə edərək ürək problemini, infarkt ehtimalını əvvəlcədən müəyyənləşdirmək hədəflənir. 

Alqoritm prosesi daha sürətli, asan edir və diaqnozu qoymaq üçün qan testi və uzun çəkən müayinələr tələb etmir. Lakin bu süni intellekt texnologiyasından tibb sahəsində istifadə etmək üçün çoxsaylı sınaqlar həyata keçirmək lazımdır. 

Adeleyd Universitetindən tibbi tədqiqatçı Lyuk Oakden Reyner bildirir ki, alqoritmdən istifadə mövcud diaqnostika sistemlərinin daha da inkişafı deməkdir. 

"Google" və "Verily" mütəxəssisləri 300 min xəstənin ümumi tibbi informasiyalarını və göz informasiyanı analiz etmək üçün bu texnologiyadan istifadə edib. Gözün arxa daxili divarı bədənin ümumi sağlamlığı haqqında informasiya verən qan damarları ilə doludur. Bu hissənin kamera və mikroskopla analizi təzyiq, yaş və siqaret vərdişi barədə məlumat verir və bu informasiyalar insanın ürək sağlamlığının vəziyyəti barədə çox şey deyə bilər. 

Alqoritm diaqnozu 70% dəqiqliklə qoya bilir. Qan testi və analiz vasitəsilə isə bu proqnozun doğruluğu 72%-dir.

Daha əvvəl tibbi alqoritmlər mövcud texnologiya əsasında hazırlanırdısa, "Google"un bu layihəsi diaqnostikada yeni metoddan istifadə edir. Bu metodla gələcəkdə insan müdaxiləsi olmadan xəstəliklərin dəqiq diaqnozunu vermək planlaşdırılır.

Gülşən