Foto 11:09 14.04.2020

“Bu cür yardım paylamaq daha təhlükəli xəstəliklər yaya bilər” (FOTO)

"Çörəyin bu cür daşınması virusdan da təhlükəli xəstəliklərin yayılmasına rəvac verə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynov hümanitar məqsədlərlə imkansız ailələrə aparılan çörəklərin daşınması ilə bağlı sosial şəbəkədə yayılan fotodan danışarkən deyib. Onun sözlərinə görə, belə hümanitar yardımdan hər kəs imtina etməlidir:

"Hər gün buna oxşar məsələlərlə bağlı mənə zənglər olunur. Əgər bütün dünyada virusun yayılması ilə bağlı məlumat gedirsə, onda kassirə pul vermək, açıq nəsə satmaq, almaq, kiməsə pay vermək, sənəd vermək, ondan sənədi geri almaq, pəncərələri açıq qoymaq kimi əlamətlər virusun yayılmasına rəvac verən səbəblərdir. Xüsusən bu şəkildə çörəyin açıq halda, maşının içində ayaq altı olan yerdə yardım məqsədiylə paylanılması təkcə vurus deyil,  bu həssas məqamda bir çox xəstəliklərin əmələ gəlməsinə, həmin xəstəliklər nəticəsində insanların immunitetinin aşağı düşməsi və asanlıqla virusa yoluxmasına səbəb ola bilər. Çörəyin bu cür daşınması yolverilməzdir. İllərdir biz bunu tənqid edirik".

Eyyub Hüseynov qeyd edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, Azərbaycan əmtəə bazarımda satılan bütün mallar bükülməli, üzərində onun istehsal vaxtı, firmanın etiketləri yazılmalıdır.

Qeyd edək ki, sosial şəbəkədə hümanitar yardım adı altında imkansız ailələrə açıq çörəyin daşınıması ilə bağlı fotolar yayılıb.  

Bahar Rüstəmli