Sağlamlıq 13:09 09.03.2020

Deputatların koronavirus müayinələrinin nəticəsi açıqlandı (YENİLƏNİB)

Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi tam yekunlaşıb.

Qaynarinfo Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
 
12.03
 
Millət vəkillərinin koronavirusla bağlı həkim müayinəsindən keçmə prosesi bu gün yekunlaşıb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq bir neçə gündür, Milli Məclisdə koronavirusla bağlı tədbirlər aparılır: "Millət vəkillərinin hamısı test və müayinə olunub. Deputatların çoxu dünən Milli Məclisə çağırılıb və müayinədən keçib. Müayinədən keçməyən deputatlar isə bu gün Milli Məclisə dəvət olunublar. Artıq proses yekunlaşıb”.
 
09.58

Bu gün deputatlar Milli Məclisə çağırılıb.

"Report”un əldə etdiyi məlumata görə, koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

Koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi
təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.