Ölkə 13:44 04.02.2022

Bu gün işdən çıxarılan nazir müavini: "Səhiyyə sistemi vahid olmalıdır"

"Səhiyyə nazirinin müavini vəzifəsindən azad olunacağımı gözləmirdim”.

Bu sözləri Qaynarinfo-ya bu gün Səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Viktor Kərimoviç Qasımov deyib. Viktor Qasımov bildirib ki, bu vəzifəsindən azad olunsa da, hər hansısa bir işə təyin edilməyib: 

"Bilmirəm bundan sonra hansı işlə məşğul olacam. Həkim kimi də fəaliyyətimi nəzərdən keçirəcəm. Baxacam vəziyyətə. Görüm nə olacaq. Vəzifəmdən azad olunacağımı gözləmirdim. Bunu mən də sizin kimi bu gün öyrəndim. Dörd müavin vəzifəsindən azad olunub. Heç birimizə hər hansısa bir vəzifə verilməyib".

Viktor Qasımov qərara hörmətlə yanaşdığını bildirib və ölkə başçısı İlham Əliyevə ona göstərdiyi yüksək ehtimada görə təşəkkür edib: 

"Mənə böyük etimad göstərilmişdi, nazir müavini təyin edilmişdim. Bu təyinat ağır dövrdə oldu. Etimadı doğurtmağa çalışdım, işlədim. Allah prezidentimizə, birinci vitse-prezidentimizə can sağlığı versin. Hamımız ağır dövürdə əl-ələ verib işlədik".

Sabiq nazir müavini vurğulayıb ki, səhiyyə sistemi vahid olmalıdır: 

"Səhiyyə Nazirliyinə yeni tərkib gəldi, yeni müavinlər təyin olundu. Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər. Mən bir mütəxəssis kimi demək istəyirəm ki, səhiyyə sistemi vahid olmalıdır. Səhiyyəni parçalamaq olmaz”. 

Amid Əyyuboğlu