Sənət 16:59 25.12.2016

Bu gün vəfat edən Xalq artisti 11 gün əvvəl oğluna toy etmişdi - FOTOLAR

Bu gün vəfat edən Xalq artisti Ağaxan Abdullayev cəmi 11 gün əvvəl oğlu Orxana toy edibmiş. Qaynarinfo.Az xəbər verir ki, dekabrın 14-də Bakıdakı restoranlardan birində baş tutan məclisə sənət aləminin tanınmış simaları qatılıb. 

Onlar arasında millət vəkili Ziyad Səmədzadə, xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Sevda Ələkbərzadə, Lalə Məmmədova, müğənni Xatirə İslam və başqaları yer alıb. 

Ağaxan Abdullayevin 4 oğlu var. Orxan muğam ifaçısının üçüncü övladıdır. Orxan tarzən kimi fəaliyyət göstərir. 

Xalq artisti onkoloji xəstəlikdən əziyyət çəkirdi. Dekabrın 15-də ustad xanəndənin oğlunun toyu olmuşdu.

Qeyd edək ki, Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil alıb. 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.

1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü olub.

2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2002-ci ildə "Humay" Milli Mükafatı, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub 

10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

Qaynarinfo.Az