Bu hadisə Ermənistanda matəm kimi qarşılandı - Deputat

Bu hadisə Ermənistanda matəm kimi qarşılandı - Deputat

"Bu sənəd yüksək səviyyəli ikitərəfli münasibətlərimizin yeni dövrü üçün yol xəritəsi hesab oluna bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin ölkəmizin üçün əhəmiyyətindən danışarkən deyib. O, bu sənədi iki dövlətin müttəfiqliyi istiqamətində atılan mühüm sənəd kimi dəyərləndirib: 

"Sənəddə ikitərəfli münasibətlərin bütün sahələr üzrə inkişafında daha böyük keyfiyyət dəyişikliyinə gətirəcək istiqamətlər geniş yer alıb. Sənəd siyasi, iqtisadi, ticarət münasibətlərini, elmi-mədəni, humanitar sferanı əhatə edir”. 
 
Deputat qeyd etdi ki, bunun nəticəsində iki ölkə arasında münasibətlər hərbi müttəffiqlik səviyyəsinə yüksəlir: 

"Azərbaycan Prezidenti İlham Əliyev burada iki mühüm məqama xüsusi diqqət yetirmək lazım olduğunu söyləyib. Birincisi, sənəddə Azərbaycanla Türkiyə arasında müdafiə, müdafiə sənayesi sahəsində əməkdaşlığı özündə ehtiva edən bəndlər yer alıb.  Söhbət ilk növbədə qarşılıqlı hərbi yardımdan gedir. Belədə münasibətlərimizin hərbi müttəfiqlik səviyyəsinə qalxdığını deyə bilərik.  İki dövlət bir-birinə hərbi və müdafiə sahəsində dəstək göstərmək öhdəliyini növbəti dəfə bu sənəddə ifadə edib”. 

Həmsöhbətimizin fikrincə, sənəddə ikinci mühüm amil iki dövlətin nəqliyyat-kommunikasiya məsələlərinə münasibətdə ortaq mövqe sərgiləməsilə bağlıdır:

"Burada söhbət Zəngəzur dəhlizindən gedir. Açıq şəkildə hər iki dövlətin ali siyasi rəhbərliyi Zəngəzur dəhlizinin işə salınması ilə bağlı konkret, açıq mövqeyini ortaya qoyur. Məlum olduğu kimi, Ordubad-Naxçıvan dəmir yolu xətti mövcuddur. Onun natamam hissəsində tikinti işləri gedir. Horadizdən Ermənistanla sərhəddə yerləşən Ağbəndə qədər isə yeni dəmir yolu xəttinin çəkilişinə başlanılıb. Bundan sonra söhbət sadəcə 40 km. nəqliyyat dəhlizinin yaradılmasından gedir ki, hər iki dövləin başçısı bu məqama xüsusi diqqət yetirdi”. 

E. Nəsirov bildirib ki, Şuşa bəyannaməsi altıtərəfli əməkdaşlığı şərtləndirəcək. 

"Bu bəyannamə tək Ermənistana deyil, bütün beynəlxalq ictimaiyyətə mesajdır. Bununla onlara belə bir mesaj göndərildi ki, Zəngəzur dəhlizi açılmalıdır və bu da nəticə etibarı ilə altıtərəfli əməkdaşlığı şərtləndirəcək. Nəticədə, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistandan ibarət regionda mühüm bir əməkdaşlıq platforması formalaşa bilər. Şuşada Türkiyə konsulluğunun açılması planlaşdırılıb. Beləliklə, bütün sferalarda, hərbi, diplomatik sahədə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə daxil olur. Bu hadisə Ermənistanda matəm kimi qarşılanıb. Ermənistan Xarici İşlər Nazirliyi və qondarma rejim tör-töküntüləri böyük narahatlıq içində bəyanat qəbul ediblər”. 

Rüfət Sultan

X
XƏBƏRLƏR
BLOGLAR