Siyasət 12:42 01.10.2018

Bu həmin cavabdırmı?

Hüseynbala Səlimov

Doğrusu, mən bunun ümummilli bir mitinq olacağını düşünürdüm. Ona görə ki, aksiya ərəfəsində bir neçə deputatın da açıqlamalarını almışdılar və onların arasında hakimiyyət düşərgəsinin təmsilçiləri də vardı.

Amma sonradan heç bir kanalda mitinqdən süjetlərə və təsvirlərə rast gəlmədim. Yalnız bircə saytda oxudum ki, bəs filan yerdə filan tarixdə Qarabağla bağlı mitinq olub, aksiyada təxminən 2000 nəfər iştirak edib...

Doğrusu, xəbər məni heç də xoşallandırmadı. Dərhal ağlıma gəldi ki, mütləq kimsə bu aksiyanı çəkəcək və internetdə yerləşdirəcək, ermənilər bizə baxıb güləcəklər, bir sözlə, biabır olacağıq. Axı 2000 nəfər gülməli bir ədəddir!.. 

Düzdür, mən də düşünmürəm ki, Qarabağ haqqında fikirləşən və onun qaytarılmasını istəyən elə bu qədərdir. 

Əlbəttə ki, belə deyildir–indi insanlar ümumi prosesə töhfə verməyin fərqli yollarını tapıblar. Gənclər orduda xidmətə yollanır, yaşlılar isə öz işlərilə, bilavasitə öz əməklərilə ölkənin müdafiə resurslarını artırmağa və bununla da Dağlıq Qarabağ uğrundakı səylərə sözlə yox, konkret işlə və əməllə yardımçı olmağa cəhd edirlər. 

Amma bəzən sözə də ehtiyac olur. Belə olmasaydı, digər ölkələrdə müxtəlif yönümlü və məzmunlu aksiyalar keçirilməzdi və əgər onlar ən demokratik və problemsiz ölkələrdə də keçirilirsə, deməli buna ehtiyac var. 

Eyni sözləri Dağlıq Qarabağ haqqında da demək olardı. Bir Qarabağ sözünə görə küçələrə 2000 yox, 200000 nəfər axışmalıdır. Əlbəttə, bir daha deyirik ki, bu, həm də mitinqin xarakter və məzmunundan, kimin tərəfindən və ən əsası da, hansı məqsədlə keçirilməsindən də asılı olur; razılaşırıq ki, insanlar heç də hər adamın sözü ilə küçə və ya meydanlara axışmır–sözsüz, bu məqam da var...

Amma 2000 hektar və 2000 nəfər – bu ədədlər məndə ağrılı assosiasiyalar yaradır. Əlbəttə ki, 2016-cı ilin aprel döyüşləri zamanı bizim uğurlarımız, qazandıqlarımız daha çox ola bilərdi və olmalı idi də. Amma hansı səbəbdən bu, baş vermədi– düşünürük ki, bu haqda o qədər  yazılıb və deyilib ki, buna əlavə etməyə yeni bir şey yoxdur. Bəli, Kreml və onun Azərbaycandakı, ümumiyyətlə, Cənubi Qafqazdakı maraqları –  bu da yetərincə bəlli məsələdir... 
Fəqət, bizim vaxt resurslarımız da heç də sonsuz deyildir: vaxt uzandıqca nəinki xaricdə, hətta daxildə insanlar problemə alışırlar, heç kim, necə deyər, köhnə yaranın dərisini qoparıb onun təzədən ağrımasını istəmir. O səbəbdən bu məsləni tez bitirməyin yollarını aramaq lazımdır. 

Əks təqdirdə elə təsəvvür yaranır ki, biz Avropa İttifaqı və NATO ilə əlaqələrə çox ləng sürət verməklə kiminsə bölgədəki maraqlarını nəzərə aldığımız kimi Qarabağ problemində də lənglik və ya qeyri-opreativlik nümayiş etdirməklə də bunu edirik. Avropa və NATO məsələsi aydındır – biz Rusiyanın maraqlarını nəzərə alır, onu cırnatmamağa cəhd edirik... 

Qarabağ məsələsində bizdən bunu istəyənlərin-umanların siyahısı bir azacıq da geniş və əhatəlidir: hələ Rusiya bir tərəfə, hətta ABŞ, Fransa və eləcə də digər böyük ölkələr çox istəyərdilər ki, biz Qarabağı unudaq,  məsələni, ümumiyyətlə, qaldırmayaq, problemi həll etməyə çalışmayaq, hətta Dağlıq Qarabağı ermənilərə bağışlayaq!.. 

Onların indi də sınıq val kimi elə hey sülhdən dəm vurmaları məhz bunun əlamətidir. Bu ölkələr öz kiçik maraqlarına görə düzü-dünyanı müharibə meydanına çevirməyə hazır olduqları halda bizə "sülh dərsi” keçirlər... 

Özü də hansı, necə bir şəraitdə? Elə şəraitdə ki, ermənilər torpaqlarımızın 20 faizini işğal edib və əlbəttə, daha onlara müharibə sərf etmir, indi sülh istəyirlər. Amma biz nə istəyirik? Bəzən bizə elə gəlir ki, böyük aksiyalar - həm hakimiyyətin, həm müxalifətin, həm də ki, bitərəflərin bir yerə toplaşması ona görə lazımdır ki, sualın cavabını tapaq. 

Bəli, indiyədək bu sualın əsl cavabını tapmamışıq. Bəli, diafraqmalarımızı xüsusi qayda ilə hərəkət etdirib ekranlar önündə göz yaşlarımızı axıda bilirik, səsi olanlarımız, oxumağı bacaranlarımız hətta əllərini qulaqlarının dibinə qoyub "Qarabağ şikəstəsi” də oxuyurlar. Gəl ki, bunlar həmin sualın cavabıdırmı, Qarabağın bizdən eşitmək istədiyi cavabdırmı?..