Ölkə 12:15 27.11.2020

“Bu, hər kəsin haqqıdır, sadəcə, bir az səbrli olsunlar” - Hərbi ekspert

"Hazırda işğaldan azad olunan torpaqlarda minalardan təmizlənmə prosesi aparılır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun fikrincə, insanları həmin ərazilərə tamamilə təmizlənəndən sonra buraxmaq olar:

"Yenicə azad edilmiş ərazilərdən şəhid verdik, xalqımızın cəsur oğlu polkovnik Babəki itirdik. Minaya düşdü. Ərazilər tamamilə təmizlənməlidir. Ərazilərdə nə qədər düşmən cəsədləri var. Hazırda onlar yığılır, təhvil verilir. Bir neçə istiqamətdə məsələlər həllini tapmalıdır ki, vətəndaşların əraziyə gediş-gəlişi təmin edilsin”.
 
 

Ekspert vurğulayıb ki, ərazilərin təmizlənməsi qısa vaxtda başa çatacaq:

"Sual verə bilərlər ki, işğaldan azad edilən ərazilərə diplomatlar aparıldı, bizi niyə buraxmırlar və s. Onlar Füzuli və Cəbrayıl istiqamətində tam təmizlənmiş əraziyə aparılıb. Ərazilər qısa müddətdə təmizlənəcək və hazır vəziyyətə gətiriləcək. Ondan sonra hər bir Azərbaycan vətəndaşı mərhələ-mərhələ əraziyə gedə biləcək. Xüsusən də həmin rayonun sakinləri. Onlar əzizlərinin qəbrini ziyarət etmək, evlərinin qalıqlarını, uşaqlıqarını, gəncliklərini keçirdikləri yerləri görmək istəyirlər. Bu, hər bir kəsin haqqıdır. Sadəcə bir az səbrli olsunlar”.

Bahar Rüstəmli