Texnologiya 19:27 11.01.2020

Bu il bizi hansı texnoloji yeniliklər gözləyir?

Xəyalınızda kosmosa uçmaq varsa və bunun üçün pul xərcləyə biləcək qədər varlısınızsa, 2020-ci il sizinçün həyəcanlı il ola bilər.

Amma bu sizə görə deyilsə və sadəcə daha böyük ekranlı mobil telefona sahib olmağı arzulayırsınızsa, 2020 sizə də yaxşı xəbərlər vəd edən ilə bənzəyir.

Yox, əgər hesab edirsinizsə ki, bazarda telefon növlərinin sayı lazım olduğundan çoxdur və texnologiya sektoru daha qənaətcil davranmalıdır, 2020-ci ildə bu mövqeni seçəcək şirkətlər ola bilər.

Pilotlu kosmos səfərləri

"Aviasiya həftəsi və kosmos texnologiyaları" jurnalının redaktoru Guy Norris hesab edir ki, 2020 kosmosa uçuşlarda oyun qaydalarını dəyişən il ola bilər.

NASA 2011-ci ildə kosmik gəmisini "təqaüdə" göndərəndən sonra ABŞ astronavtları Beynəlxalq Kosmik Bazaya getmək üçün Rusiyanın gəmilərindən istifadə edirdi.

Amma 2020-ci ildə bu vəziyyət tamamilə dəyişə bilər. Əgər hər şey plana uyğun davam edərsə, Amerikanın inşa etdiyi kosmik gəmi sərnişin daşımağa başlaya bilər.

Orbitə yeddi astronavt çıxara bilən "Boeing"-in "CST-100 Starliner" gəmisinin 2020-ci ildə ilk idarə olunan uçuşuna başlaması gözlənir.


"Boeing"in "CST-100 Starliner" gəmisi

"SpaceX Dragon" kapsulu da 2020-ci ilin əvvəlində son sınaqlardan keçəcək və gözlənən nəticələr əldə edilərsə, ekipajlı bir səyahətə hazır olacaq.

Yerə çox uzaq olmayan yerlərə səyahət üçün hazırlanan bəzi digər sistemlər baxımından da 2020-ci il dönüş nöqtəsi ola bilər. "Amazon" şirkətinin qurucusu, milyarder Jeff Bezos-a məxsus "Blue Origin" şirkəti də "New Shepard" raketiylə kosmosa turist səfərləri təşkil edə bilər.

"Virgin Galactic"-in qurucusu Richard Branson-un planlaşdırdığınıdan 10 il sonra olsa da, şirkət 2020-ci ildə kosmosa sərnişindaşıma planını, nəhayət gerçəkləşdirə bilər.


Virgin Galactic

Artıq 600-dən çox şəxsin "Virgin Galactic"-ə depozit ödədiyi bildirilir. Biletin qiyməti 250 min dollardır.

"Bu çoxdan gözlənən proqramların konkret nəticə verməsi və bir sıra yeni texnologiyaların özünü təsdiq etməsi zamanı gəlib çatıb" - Guy Norris belə deyir.

Texnologiya və ətraf mühit

"Məhvolma üsyanı"nın ("Extinction Rebellion") təşkil etdiyi etiraz aksiyaları iqlim dəyişikliyi problemini texnologiya şirkətləri üçün də əsas mövzulardan birinə çevirib.

Ən çox təzyiq göstərilən şirkətlər telefon istehsalçılarıdır. Hazırda dünyada 18 milyarda yaxın istifadə edilməyən telefon olduğu bildirilir.

2019-cu ildə 1 milyard 300 min yeni telefon satılıb və satış göstəriciləri artmaqda davam edir.

Mobil telefon istehsalçılarından tələb olunur ki, məhsullarını ekologiyaya daha az zərərli və daha asan təmir edilən hala gətirsinlər.



Televizor, paltaryuyan maşın və tozsoran kimi məhsullar istehsal edən şirkətlərə də təzyiqlər artacaq.

Bundan başqa, cib telefonlarına xidmət şirkətləri üçün də müxtəlif irəliləyişlər nəzərdə tutulub.

"Vodafone" şirkəti 2023-cü ilə qədər Britaniyadakı bütün şəbəkələrində dayanıqlı enerji mənbələrindən istifadə edəcəyini açıqlayıb.

Digər şirkətlərin də bu nümunədən dərs çıxarması mümkündür.

İşgüzar səfərlərə də, heç şübhəsiz, təzyiqlər olacaq.

"CSS Insight" şirkətinin analitiki Ben Wood deyir ki, artıq iş görüşmələri üçün təyyarəylə başqa ölkələrə getmək qəbul edilməyəcək, şirkətlər "virtual toplantılara" üstünlük verməyə başlayacaqlar.

Elastik ekranlar

"Samsung"un aprel ayında bazara çıxardığı qatlanan telefonlar gözlənən qədər maraq doğurmadı. Məhsulu ilk sınaqdan keçirənlər ekranın qırıldığını dedilər və şirkət sentyabr ayında kütləvi istehsala başlamazdan əvvəl yeni telefonda təcili surətdə bəzi dəyişiklər etmək məcburiyyətində qaldı.

"Motorola"nın yeni məhsulu olan "Razr" daha yaxşı performans nümayiş etdirsə də, bahalığından şikayətlənənlər oldu. Ancaq bunun bazara təsir edəcəyi gözlənilmir. Bu il "Samsung" qatlanan ekranlı başqa məhsullar da istehsal edəcək.



Çinin ikinci ən böyük televizor istehsalçısı olan TCL şirkəti də 2020-ci ildə bazara qatlana bilən məhsullar çıxaracağını açıqlayıb.

Elastik ekran istehsalını təkmilləşdirmək üçün şirkətin 5 milyard 500 min dollar maliyyə ayırdığı bildirilir.

Mütəxəssislər deyirlər ki, belə ekranlar hər cür səthə - məsələn, ağıllı dinamiklərin yanlarına, qol saatlarının qayışlarına və ya soyuducuların qapısına montaj edilə biləcək.

Super sürətli cib telefonları

Yüksək sürətli cib telefonu şəbəkələrinin bu il də yayğınlaşması gözlənir. 2019-cu ilin sonunda 22 ölkədə təxminən 40 şəbəkə 5G xidməti göstərib.

2020-ci ilin sonunda 125 belə şəbəkənin olacağı təxmin edilir.

Mütəxəssislər deyirlər ki, qiymətlərin xidmətin sürətinə görə müəyyənləşməsi praktikası da arta bilər.



Kvant kompüterləri

2020 elektron və fotonlar kimi hissəciklərin davranışlarından istifadə edən kvant kompüterlərinin inkişafı baxımından da əhəmiyyətli il ola bilərmi?

"Google" şirkətinin açıqlamasına görə, bu cihazlar ən sürətli kompüterlərin 10 min ildə tamamlayacağı əməliyyatı 200 saniyədə başa çatdırır.

BCG şirkətinin mütəxəssisi Philipp Gerbert deyir ki, "Bu, möhtəşəm nailiyyətdir. Klassik kompüterləri nə qədər arxada buraxdıqları mübahisəli olsa da, önə keçdikləri çox aydındır. Kvant kompüterləri şübhələri boşa çıxarmağı bacardı".



Gertbert IBM, "Rigetti" və "IonQ" kimi lider şirkətlərin bu il bu sahədə daha da sürətlənəcəyini bildirir.

Texnologiyası təkmilləşəndə kvant kompüterləri kimya, tibb məhsulları və mühəndislik kimi sahələrdə inqilabi dəyişiklər yaradacaq.

"Google" 2020-ci ildə bu kompüterlərdən başqalarının da istifadə edə biləcəyini vəd etmiş, amma bununla bağlı detallı açıqlama verməmişdi.

Gerbert qeyd edir ki, bu da həyəcan doğuran bir inkişaf mərhələsi olacaq, insanlar kvant kompüteri əldə etmək şansından böyük zövq alacaqlar.

Mənbə: BBC