Video 22:15 03.08.2018

Bu il nə qədər meşə və çöl sahəsi yanıb? (VİDEO)

"Azərbaycanda meşə və çöl ərazilərində baş vermiş yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır".

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, xüsusən də taxıl zəmilərinin biçildikdən sonra yandırılması böyük ekoloji fəlakətlərə yol açır.

Nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib ki, bir neçə gün əvvəl şimal bölgəsində baş vermiş və Altıağac Milli Parkının ərazisinə keçmiş yanğın Siyəzən rayonunun yaxınlığından başlayıb və hadisə ilə bağlı şübhəli şəxslər müəyyən edilib.

Eyni zamanda o da vurğulanıb ki, bu il meşə və çöl ərazilərində 19 yanğın hadisəsi baş verib və 701 hektar ərazi yanıb.

Mətbuat konfransında Bakı səmasında tez-tez müşahidə edilən toz-dumanı ilə bağlı da açıqlama verilib və vurğulanıb ki, bu hala bəzən ölkəmizə digər dövlətlərin ərazisindən daxil olan tozlu hava səbəb oliur. Amma Bakıətrafı ərazilərdə olan daş karxanlarında da normlara əməl edilməməsi tozun artımına səbəb olur.

Bildirilib ki, Nazirliyin əməkdaşları tərəfindən Qaradağda yerləşən 11 karxanada monitorinq aparılıb və burada havaya böyük həcmdə tozun qalxdığı müşahidə edilib.

O da qeyd edilib ki, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər nazirlikləri arasında imzlanan tədbirlər planına əsasən ekologiyaya ziyan vurulmasına qarşı birgə müabrizə aparılacaq.