Video 23:42 18.12.2017

Bu məktəbin yolu qəbiristanlıqdan keçir (VİDEO)

Sumqayıtın Yaşıldərə yaşayış massivində bir qrup şagird məktəbə qəbiristanlıqdan keçərək gedir. Buna səbəb isə marşurut xəttinə gedən ən qısa yolun həmin ərazidən keçməsidir. Sakinlər bildirirlər ki, ikinci növbədə təhsil alan şagirdlər daha çox çətinliklərlə üzləşirlər.

Əvvəlcə dəmir yolu xəttindən, sonra isə qəbiristanlığın içərisindən keçərək məktəbə gedirlər.

Görüntülər Sumqayıtın Yaşıldərə yaşayış massivindən, 5-ci və 6-cı məhəllələrdəndir.

Sakinlərin sözlərinə görə, həmin ərazidə marşrut xətti yoxdur. Şagirdlər də marşurut avtobuslarına getmək üçün qısa yol kimi əvvəlcə təhlükəli dəmir yolu xəttindən, sonra isə qəbiristanlıq ərazisindən istifadə edirlər.

Sakinlər və şagirdlər bildirirlər ki, əsas çətinlik məktəblilər ikinci növbədəki dərslərdən qayıdan zaman yaşanır. Evə axşam saatlarında qayıdan uşaqlar qəbiristanlıq ərazisindən keçməyə qorxurlar.

Məsələ ilə bağlı Sumqayıt şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev "Xəzər Xəbər"ə bildirdi ki, 2018-ci ilin əvvəlindən bütün nəqliyyat sisteminə yenidən baxılacaq. Ehtiyac olarsa, sözügedən ünvana da marşrut xətti açıla bilər.