Ölkə 16:48 06.03.2020

"Bu mühit müqəddəsləri seçən bir mühit olsaydı...” - Böyük insanın anım günü

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Rəsulzadə irsinin böyük araşdırmaçılarından biri, Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin rəhbəri Nəsiman Yaqublu dahi şəxsiyyətin vəfatının 65-ci ildönümündə onunla bağlı fikirlərini Qaynarinfo-ya danışıb.

"Rəsulzadə bütün həyatını Azərbaycanın azadlığına həsr edən, müxtəlif ölkələrdə bu mücadiləni yürüdən insandır. Təbii ki, onun fəaliyyətinin əsas dövrü Azərbaycanla bağlıdır. Çünki burda o, ilk Azərbaycan Cümhuriyyətinin əsasını qoyub. 
 
İş elə gətirdi ki, Rəsulzadə sonradan mühacirətdə yaşadı, müxtəlif ölkələrdə Azərbaycan istiqlal mücadiləsini yürütdü və 1955-ci il martın 6-da dünyasını dəyişdi. Türkiyədə Rəsulzadəyə çox böyük sayğı göstərirdilər. Türkiyənin ictimai-siyasi mühitində Rəsulzadə çox hörmətli bir şəxs kimi qarşılanır və dəyərləndirilirdi. Ömrünün sonlarında isə orada milli kitabxanada çalışıb. Mən orada olanda gördüm ki, Rəsulzadə şəxsi kitabxanasındakı bütün kitabları çalışdığı milli kitabxanaya bağışlayıb. Bu gün də həmin kitablar orada kataloqa salınıb və istifadə olunur. Yəni Rəsulzadə harda olubsa, Azərbaycanla bağlı, Azərbaycanın müstəqilliyi, tarixi ilə bağlı zəngin xəzinə qoyub. Bu mənada onun milli kitabxanadakı fəaliyyəti hesab edirəm ki, ciddi araşdırılmalı, öyrənilməlidir. Rəsulzadənin dəfn günü Türkiyədə çox böyük izdiham olub. Mərasimdə o dövrün çox tanınmış şəxsləri, ictimai siyasi xadimləri iştirak edib. İlk sözü onun ən yaxın silahdaşlarından olan Əbdülvahab Yurdsevər açıb. Ondan sonra digər dostları Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, türküstanlıların tanınmış ziyalısı Tahir Cağatay çıxış edib. İndi orada Zəki Vəlidi Toğanın Rəsulzadə haqqındakı fikirlərini söyləmək istəyirəm: 

"Əgər bu mühit müqəddəsləri seçən bir mühit olsaydı, mən mərhum Əmin bəyin müqəddəs olaraq seçilməsinə rəy verərdim. Bu günə qədər onun əleyhinə olanlar tövbə etməlidirlər, yoxsa Allah onların günahlarını bağışlamaz. Əmin bəyi öldükdən sonra da yaşatmaq üçün azərbaycanlılar onun yolunu davam etdirməlidirlər". 

Məncə, bunlar çox gözəl sözlərdir və bizim əsas vəzifəmiz də Rəsulzadənin qoyub getdiyi Azərbaycanın müstəqillik yolunu davam etdirməkdir. 
Bu gün Rəsulzadənin adına olan bir çox soyuq və ögey münasibətləri aradan qaldırmaq lazımdır. Məsələn, Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi məqamı artıq çatıb. Onun Azərbaycanda ev muzeyi yaradılmalı, Bakının ən gözəl yerində abidəsi ucaldılmalı, əsərləri dövlətin ciddi maddi dəstəyi ilə nəşr olunmalı, onun adı dövlətin qurucusu statusuna uyğun şəkildə qəbul edilməlidir. Onda biz Azərbaycanda demokratik cəmiyyət qura biləcəyik. 

Nəsiman Yaqublu illərdir Bakı Dövlət Universitetinin həyətində Rəsulzadənin büstü üçün qoyulan qara daşdan da danışıb və bunun utancverici olduğunu söyləyib:

"O büst məsələsini dəfələrlə hökumət orqanları qarşısında, dövlət başçısı qarşısında qaldırmışıq. Mənim ölkə prezidentinə şəxsən bu barədə bir neçə dəfə müraciətim olub. Cümhuriyyətin 100 illiyi ilə bağlı müraciətimdə də, Rəsulzadənin 130 illiyindəki müraciətimdə də bildirmişəm ki, adının əbədiləşdirilməsi üçün müəyyən işlər görülməlidir, o cümlədən də Bakı Dövlət Universitetinin həyətində olan qara daşın üstündə onun büstü qoyulmalıdır. Təəssüf ki, illərdir üzərində yazı var, amma orda yazılanlara əməl edilmir. Cümhuriyyətin də, Bakı Dövlət Universitetinin də 100 illiyi oldu, amma o daşa toxunulmadı. Bu daşla bağlı vəziyyəti başa düşmürəm. Bu, əslində dövlətin qurucusuna olan münasibətin göstəricisidir. Bu münasibəti yığışdırmaq lazımdır. İndi 21-ci əsrdir. 21-ci əsrdə dövlət qurucusuna belə münasibət göstərməzlər. Buna kənardan baxanlar var. Çox utancvericidir.

Tarixçi-alim Rəsulzadə irsi ilə bağlı 10 cildlik üzərində çalışdıqlarını da deyib:

"Bizim mərkəzin xətti ilə Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yazdığı əsərlərinin 10 cildliyini nəşrə hazırlayırıq. Birinci cild artıq çapdan çıxıb. İkincisi isə 28 May Respublika Günü ərəfəsində çap olunacaq. Sonrakı cildləri də imkan tapdıqca nəşr edəcəyik”.

Camal