Dünya 09:14 17.11.2017

Bu tablo 450,3 milyon dollara satıldı

XVI əsrdə yaşamış məşhur italyan rəssamı Leonardo da Vinçinin "Salvador Mundi" (Dünyanın xilaskarı) adlı İsa peyğəmər tablosu hərraca çıxarılıb. "Qaynarinfo" xəbər verir ki, tablo rekord qiymətə - 450,3 milyon dollara satılıb.

500 illik əsər ABŞ-ın Nyu York şəhərində keçirilən hərracda satışa çıxarılıb. Tablo üçün ödənilən 450,3 milyon dollar bu günə qədər hərraclarda bir sənət əsəri üçün ödənilən ən yüksək məbləğdir.

Hərracda verilən son təklif 400 milyon dollar olub. Hərrac xərcləri ilə birlikdə məbləğ 450,3 milyon dollara qalxıb. Tablonu alan şəxsin adı açıqlanmayıb. Telefonlar vasitəsi ilə təkliflərin qəbul edildiyi satış cəmi 20 dəqiqə davam edib.



Qeyd edək ki, 1519-cu ildə ölən Leonardo da Vinçinin 20-dən az əsəri günümüzə qədər gəlib çıxa bilib. Məşhur rəssamın xüsusi bir kolleksiyaya gedəcək "Dünyanın xilaskarı" əsərini 1505-ci ildən sonra çəkdiyi ehtimal edilir. Tabloda İsa peyğəmbərin bir əli havada, bir əlində isə şüşə kürə təsvir edilib.

Tablo 1958-ci ildə Londonda keçirilən hərracda cəmi 60 dollara satılmışdı. Həmin vaxt tablonun Leonardo da Vinçiyə yox, onun əsərlərindən ilhamlanan bir rəssama məxsus olduğu düşünülürdü.
 


Əsər 2005-ci ildə yenidən ortaya çıxıb və ona "İtkin Leonardo" ləqəbi verilib. Tablo 4 il əvvəl hərrac keçirilmədən bir nəfər tərəfindən rus kolleksiyaçıya 127,5 milyon dollara satılmışdı.

Aydın
Qaynarinfo.Az