Siyasət 10:40 28.09.2020

“Bu, yalnız başlanğıcdır” – İki günlük döyüşlərə ŞƏRH

"Azərbaycanın uğurlarını görən düşmən informasiya təxribatları ilə bizdə xof yaratmağa cəhd edir”.

Qaynarinfo xəbər verir ki, bunu "MediaPost”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan şanlı günlərini yaşayır, 27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq:

"Bu qələbəni - Azərbaycan xalqının illərlə gözlədiyi xəbərləri Azərbaycan xalqına yaşatdığı üçün Ali Baş Komandanı və Azərbaycan əsgərini hər kəs təqdir edir, alqışlayır. Azərbaycan Ordusunun əldə etdiyi uğurlar qələbələrimizin yalnız başlanğıcıdır, bir hissəsidir. Azərbaycanın hər qarış torpağının azad edilməsi tarixi hadisədir. Azərbaycan Ordusunun bu qələbələri davamlı olacaq. Düşmən Azərbaycanın həyata keçirdiyi diplomatiya sayəsində acizdir, öz havadarlarından kömək ala bilmir. Azərbaycan haqq səsini dünyaya çatdıra bilib, dünya ictimaiyyətinin rəyini lehinə dəyişməyi bacarıb. Çarəsiz qalan erməni ordu birləşmələri informasiya təxribatına əl atır”.

H.Babaoğlu bildirib ki, düşmən yenə də sivil vətəndaşları, mülki obyektləri hədəf götürməklə, Azərbaycanda xof, təxribat yaratmağa cəhd edir:

"Buna görə də informasiya resurslarında bizə qarşı həqiqəti əks etdirməyən informasiya təxribatı aparırlar. Şübhəsizdir ki, Azərbaycan vətəndaşları buna inanmır, çünki Azərbaycan xalqı Ali Baş Komandanına, ordusunun keçirdiyi əməliyyatlara inanır və qələbənin davamını gözləyir. Azərbaycanda ictimai həmrəylik var. Bu gün 50-dən çox siyasi partiya Azərbaycan Prezidenti İlham Əliyevə dəstək nümayiş etdirir. 500-dən çox qeyri-hökumət təşkilatı, insan hüquqları təşkilatları, Azərbaycanın ictimai-siyasi münasibətlərində iştirakçı olan bütün subyektlər Azərbaycan hakimiyyətini dəstəkləyir. Möhtəşəm birliyin qarşısında Ermənistanın informasiya təxribatı uğurlu ola bilməz. Yaxın günlərdə daha böyük qələbələr gözləyirik”.