Dünya 23:56 24.01.2022

Burkina-Fasoda prezident istefa verdi, hərbçilər hakimiyyəti ələ keçirdi

Burkina Faso Prezidenti Roş Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, daha əvvəl LSI portalı Prezident Roş Mark Kaborenin ailəsinin Burkina Fasonu tərk etdiyini bildirmişdi. Hərbi qiyamçılar Prezidentin istefasını tələb ediblər. Liderin özünün jandarm qüvvələrinin himayəsində qaldığı iddia olunur. Şahidlərin mətbuata verdiyi məlumata görə, bazar günü axşam Prezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilib, səmada helikopterlər görünüb.

Qeyd olunur ki, Kabore bazar günündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun istefası barədə təhlükəsizlik və siyasi mənbələr "Reuters” agentliyinə məlumat veriblər.

14 nəfərlik hərbçidən ibarət qrup dövlət televiziyası ilə efirə çıxıb və ölkədə hakimiyyətin "Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a verildiyini bəyan edib. Qrupa polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba rəhbərlik edir.

Hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər.

Öz növbəsində, hakimiyyətin ələ keçirilməsi prosesinin "qansız” keçdiyi bildirilib.