Burun əti kəsilməlidir, ya yox? (HƏKİM RƏYİ)

Burun əti kəsilməlidir, ya yox? (HƏKİM RƏYİ)

Burunda ət insan həyatının keyfiyyətini aşağı salan faktorlardan biridir. Bəzi valideynlər uşaqlarını erkən yaşdan əməliyyat etdirib ondan yaxa qurtarmağa çalışır, bəziləri isə bunun mənasız olduğunu düşünürlər. Cəmiyyət içində də belə bir fikir dolaşır ki, burun ətini kəsmək lazım  deyil, çünki insan yaşa dolduqca özü kiçiləcək. 

Bəzi insanlar estetik əməliyyata üz tutduqda, burun əti kimi əlavə problemləri də birdəfəlik həll etməyə qərar verirlər. "Burun əti kəsilməlidir ya yox” sualının birmənalı cavabı yoxdur. 

Qaynarinfo.az burun əti probleminin insan üçün yarada biləcəyi çətinlikləri araşdırıb. 

7 il öncə burunda əməliyyat keçirmiş Bakı sakini Kamilə Məhərrəmli məqsədinin estetik dəyişiklik olduğunu bildirib: "Yeniyetmə dövründən burnumun xoşuma gəlməyən görüntüsü var idi, lakin azyaşlı olduğum üçün əməliyyata icazə verilmirdi. 18 yaşım tamam olan kimi əməliyyat keçirmişəm. Məqsədim burnumu estetik baxımdan daha xoşagəlimli etmək idi. 

İlkin müayinədə hər hansı bir çətinliklə üzləşmədim. Rinoplastikadan da öncə analizlər verilir, əməliyyata mane olacaq xəstəliklərin olub-olmadığı müəyyən edilir. Məndə cavablar təmiz çıxdı və uğurlu əməliyyat keçdi. Sonradan bildim ki, burunda çəpər əyriliyi və artıq ət də olub. Əməliyyat əsnasında onlar da aradan götürülüb. Lakin mən bundan xəbərsiz olmuşam,  heç vaxt da nəfəs almaqda problem yaşamamışam”.   

Kamilə Məhərrəmli əməliyyatdan razı qaldığını deyir: "Hətta burnumun əməliyyatlı olduğuna inanmayanlar da var. Bu da nəticənin yaxşı olmağından xəbər verir. Nəfəs almada heç bir çətinliyim olmayıb, indi də yoxdur.  Əməliyyatdan sonra da hər şey qaydasındadır”. 
 


Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov el arasında burun əti kimi tanınan xəstəliyin tibdə adenoid hipertrofiyası adlandırıldığını bildirib: "Adenoid hipertrofiyası burun udlağının limfoid toxumasıdır. Əksər hallarda təkrar infeksiyalaşanda ölçüləri böyüyə bilir. Belə hal da burun tənəffüsünü pozur və hipoksiyaya yol açır. Hipoksiya nəticəsində orqanizmdə baş verən bütün mübadilə prosesi ləngiyir. Hipoksiyalı uşaqlarda qan azlığı, eşitmə və zehini inkişafın pozulması kimi hallar müşahidə olunur.

Ən çox rast gəlinən şikayət yuxu pozulmalarıdır. Gecə yuxunun tez-tez kəsilməsi, yuxuda uşağın yatağında hərəkətli olması kimi hallar görünür.  Biz yaşa dolduqca, burun udlaqdakı adenoid toxuması kiçilir. Lakin ölçüləri böyük olub hipoksiyaya səbəb olanda, oturub bir neçə il gözləmək məntiqli sayılmır. Dərman müalicəsinə tabe olmadığı halda adenoid hipertrofiya əməliyyatı göstərişdir”.  

Elnur Əkbərovun fikrincə, hipoksiya orqanizmdə dövr edən oksigenin lazımı olan konsentrasiyadan daha az olmasıdır: "Orqanizmdə baş verən bütün proseslər oksigen vacibliyi ilə həyata keçir. Burun əti hipoksiyaya yol açdığı üçün prosesdə ləngimə baş verir. Bu səbəbdən mübadilə pozulur, immun sistemi zəifləyir və əsəbilik kimi problemlər əmələ gəlir. Böyük yaş qrupunda ürəyin işemik xəstəliyi, beyin qan dövranı və toxumaların qidalanmasının pozulması kimi hallar ola bilər. Adenoid toxuması hipertrofiyaya uğrayıbsa, tənəffüsü pozursa, artıq normal keyfiyyətli həyatdan danışmağın mənası yoxdur. Sağlam, düzgün tənəffüs insanın həyatını təmin edir. Sağlam nəfəs alan burnu əlimizlə bağlasaq, uzaqbaşı 5 dəqiqə dözə bilərik, davamında təngnəfəslik, ürək döyüntülərinin artması baş verəcək. Bunlar da komfortlu həyatı pozan amillərdir”. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR