Bütün varlı insanlar Bakıda yaşayır...

Bütün varlı insanlar Bakıda yaşayır...

Lalə Niftaliyeva

Yaşananlar köhnəldikcə içimizin künc-bucağına dağılır, unudulur. İllər keçdikcə, tozlanmış keçmişində ayağın bir xatirəyə ilişər kəllə-mayallaq dəyərsən yerə. Elə həmin an başa düşərsən ki, zaman deyə bir şey yoxdur. Bütün zaman o künc-bucağa dağılmış xatirələrin sayı qədərdir. Və 25 il yer kürəsində dolanmağıma baxmayaraq, mənim böyüklüyüm uşaqlığımda yaşadıqlarım qədərdir. 

Kənddə böyüməyin üstünlüyü bilirsinizmi nədir? Kapitalizmin reklam lövhələrindən uzaq düşmək, təbiət lövhələri ilə böyümək. Bu təbii reklamlar ruhumuza heç vaxt itirə bilməyəcəyimiz bir saflıq təlqin edir. İndiyə kimi bunu anlamırdım. Şəhərdə böyüyən uşaqlara qarşı içimdə bir paxıllıq olurdu. Kənddə böyüyənlər məni daha yaxşı anlayar. 

Uşaq vaxtı elə bilirdim ki, bütün varlı insanlar Bakıda yaşayır. Bizim evdən iki qapı uzaqlıqda şəhərli qonşularımız var idi. Tətil olanda 1 aylıq öz evlərinə gümüşü rəngdə xarici avtomobilləri ilə qonaq gəlirdilər. Gənc ailənin mənim yaşlarda iki balaca qızı var idi. Dəriləri ağ, saçları səliqəli, geyimləri təzə, baxışları da ədalı... O qızlarla nəyinki oynamır, heç söhbət də etmirdim. Utanırdım… Elə düşünürdüm ki, onlar çox varlıdı. Hər gün mal-qaranın nabatdan qayıtdığı vaxtlar atamla küçə qapısına çıxardıq. Elə qapının ağzında daşlardan iki oturcağımız da var idi. Bu iki qız küçədə idi. Gizlin-gizlin Bakıdan gələn varlı yaşıdlarıma baxırdım. Qızlardan balaca olanı topu vurmaq üçün arxaya əyilmək istədi. Ayağı daşa ilişdi, müvazinətini saxlaya bilməyib yıxıldı. Qızın yıxılmağı atamın da diqqətini cəlb etdi. Elə təzəcə ağlamağa başlamışdı ki, anası qaça-qaça gəldi. Heç gözümdən getməyən səhnədi. Uşağını qucağına alıb, ağlaya-ağlaya həyat yoldaşına: “Sənin kənd həyatın mənim qızlarımı öldürəcək. İstəmirəm bu zəhrimara gəlmiş yeri”, deyib həyətlərinə girdi. Atam onlara tərəfə baxıb, başını buladı: “Uşağı bədbəxt etdi”.

İndiyə qədər nə o qonşumuzun, nə də o qızların adını bilmirəm. Biz yıxılanda, gəlib üstümüzü təmizləyib sarılanımız olmayıb, “uşaq yıxıla-yıxıla böyüyər” deyənimiz olub. Hər yıxıldığım xatirəmdə bir az daha böyüdüyümü görürəm. Düzdür, mənim “valideynlik” yaşantım yoxdur. Amma cəmiyyətimizdə gənc valdeynlər olduqca çoxdur. Hansı ki, gələcək Azərbaycan cəmiyyəti həmin gənc valdeynlərin ovuclarındadır. Əzizlərim, cəmiyyətə yıxılanda özü durmağı bacaran insanlar lazımdır. Siz hər dəfə yıxılan uşağınızı qucağınıza alıb ondan möhkəm ağlayanda, uşağın “söz azadlığı”nı əlindən alırsınız. Axı niyə onlar sizin kimi ədalətsizliyə, vicdansızlığa, çürük mentalitetə, “camaat nə deyər?” kimi düşüncələrə əsir olsun? Yıxılanda durquzduğunuz o körpələr ki var, gələcəkdə boyunlarına qalstuk taxıb özündən kiçikləri əzəcək, amma özündən vəzifəcə böyüklərin qarşısında qalstukları çevrilib olacaq xalta. Əgər biz ağzına kimi şikayətlə dolu bir ölkədə yaşayırıqsa, uşaqlarınıza qanayan dizi ilə qalxmağa icazə verin ki, etirazın nə olduğunu anlasınlar.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR