İdman 14:53 15.05.2020

Böyük futbol İmişliyə qayıdır? - Klub prezidenti danışdı

Artıq neçə müddətdir ki, İmişlidə böyük futbol yoxdur. Ancaq koronavirus bəlasından qurtulub, həyat əvvəlki axarına düşdükdən sonra əyalət komandası yenidən fəaliyyətə başlaya bilər.
 
Bu barədə İmişlinin "Mil-Muğan” futbol klubunun prezidenti Mirheydər Səfiyev Sport7.az-a müsahibəsində danışıb: "Böyük futbol üçün böyük vəsait lazımdır. Gərək komandanın sponsoru olsun. Maliyyə dəstəyi olsa, yenə də böyük futbolda çıxış edə bilərik".

- Yəqin ki, futbol üçün darıxmısınız... 
 
- Çox darıxıram. Heyif deyildi... Hamı stadiona gəlirdi, futbola baxırdıq. Azarkeşlər üçün əsl bayram olurdu. Özüm də böyük futbola vərdiş etmişdim. Əlbəttə ki, olmamağı təəssüf doğurur. Çox istərdim, İmişlidə peşəkar komanda bərpa olunsun.

- Bəs yenidən komanda yaratmaqla bağlı təkliflər olubmu? 
 
- Konkret təklif yoxdur. Amma biz istəyirik və bu yöndə çalışırıq. Bəzi yoldaşlara da bu barədə məlumat vermişik ki, komandanı yenidən bərpa etmək üçün vəsait ayıracaq sponsor axtarırıq. Amma hələ ki, heç kim yaxın durmur. Allah köməkləri olsun, heç olmasa, AFFA uşaq futboluna vəsait ayırır. 10 yaşdan 17 yaşa qədər komandalarımız aşağı yaş qrupları üzrə yarışlarda çıxış edirlər.
 
- Bəs yeniyetmə futbolçularınızla maraqlananlar varmı? Məsələn, millilər üçün və ya Premyer Liqada çıxış edən klublardan gəlib bu uşaqlardan seçib aparırlarmı? 
 
- Premyer Liqada çıxış edən klubların özlərinin də uşaq komandaları var. Başqa yerdən uşaq aparmaq onlar üçün çətinlik yaradır. Onları saxlamaq, yerləşdirmək, həmçinin uşağın valideynindən ayrı qalmaq kimi məsələlər var. Ona görə də alınmır. Amma 17 yaşdan sonra uşaqlarımız başqa komandalara gedir və hazırda da oynayırlar.

- Premyer Liqada oynayan komandaların bir çoxu elə AFFA-dan maliyyələşir. Bölgələrdə də böyük futbol olsun deyə, əyalət klublarına da maliyyə dəstəyi ayrılması üçün, elə sirf İmişlidə komanda yaranmasına kömək olunsun deyə, AFFA-ya müraciət etmisinizmi? 
 
- Əvvəllər də federasiya bizə köməklik edib. Ola bilər, yenə dəstək olsunlar. Ehtimal var ki, avqustdan I Divizionda çıxış edək.

Röya Kərimli