Orxan Saffari
Ölkə 13:32 11.01.2022

"Böyük qardaş sindromu"

Orxan Saffari

Azərbaycanda hökm sürən və böyük kütlənin əziyyət çəkdiyi "böyük qardaş" sindromu bitib-tükənmək bilmir ki, bilmir. Elə bil, ferrydir. Bəli, söhbət kriminal rejimdən, bu rejimə aid olan "strimliyaqalardan", "avvarə qədeşlər"dən gedir. 

Özümü son dərəcə ziyalı göstərməmək üçün açıq danışacam. Kriminal rejimdən xeyli dost-tanışım və bir qırıqda keçmişim var. Bəzən bu rejimə dəstək də verirəm, müəyyən hallar olur ki, birbaşa içində də oluram(dum). Elə indinin özündə də. Daha dəqiq desəm, mən zəif olmağın, ömrü boyu dava-dalaşdan qaçmağın bir az əleyhinəyəm. Mənə görə həyatda dalaşmaq da olar, adam bıçaqlamaq da, bıçaqlanmaq da, nə bilim, insanın başına cəncəlli işlər də gəlməldir, amma Azərbaycanda hökm sürən siyasi kriminologiyaya aldanmaq bir qədər düzgün deyil. Adamlar özləri də bilmədən böyük bir siyasətin içinə atılır, həyatları məhv olur. 

Tam səmimi, bu elə məsələdir ki, tam açıq nələrisə, bildiklərimin yarısının bir hissəsini də deməyə çəkinirəm. Çünki damara qədər işləmiş böyük qardaş sindromu məni də öz ağuşuna ala bilər. 

Bu kimi məsələləri heç tanışlarım, yaxınlarım olan kriminallarla da etmirəm. Çünki başa düşmürlər, deməklə də başa düşməyəcəklər, mənə də deyiləndə başa düşməmişdim. Gərək ki, özün ayılasan, başın daşa dəyə. (çalışın, təsbehə dəyməsin). 

Deyim ki, hazırda məni də böyük qardaş bilənlər var. Buna görə cəmi böyük qardaşlardan üzr istəyirəm. Vaxtı ilə etdiyim "razboylara" görə də üzr istəyirəm.

Yaxşı, yaxşı, zarafat edirəm, heç nəyə görə heç kimdən üzr istəmirəm, nə etmişəmsə, yaxşı eləmişəm. Peşman olduğum şeylər var, amma onlar da mənim xatirəmdir. Qisasa, nifrətə indi də qarşı deyiləm. Lap bir də gördünüz ki ,bu sözləri yazan oğlanın, yəni, mən bəndənizin də başını "srok" apardı. Çünki nə qədər qarşı olsam da, içimdən çıxmayan bir küçə, bayıl-dvatsatı uşağı sindromu var. Mən buna öz içimdə düzgünlük, küçə ədalətinin bərqərar olması deyirəm. Bəzi mənəviyyat, qeyrət məsələləri mənim üçün həmişə aktual olacaq, olub. Pis də çıxmasın, həmişə də zəifin yanındayam. 

İçində böyüdüyüm bu rejim sindromundan çıxsam da, bunun bəzi düzgünlük anlayışı zəli kimi hələ də içimdədi və bunu da həmişə doğru bilmişəm. Yəqin ki, biləcəm də. 

Amma siqan kimi küçələrə düşən, saçı gözünün üstündə, şalvarı dabankeşlə geyinən "malakasos" gədələrin tarixini, niyə, necə yarandığını bilməyən kriminal rejimə aludə olmağı həm əsəblərimi korlayır, həm də yazığım gəlir. Etiraf edim ki, bu cür gədə-güdəni hərdən döydüyüm də olur. Qəsdən, ilişərək. Bu da mənim içimdən çıxmayan sindromun qalıqlarıdır. 

Demə, getməyib qollarımdan küçə davası... 

Sevdiyim, enerjisini hiss etdiyim, hər notunda ağrı olan, sənət əsəri kimi qəbul etdiyim "Dolya vorobskoyanı" urvatdan salan bütün gədələrin qapısı açılmasın heç. 

Amma belə, yaxşıları tezliklə aramızda görək.

Musiqidən söz düşmüşkən, elə bir də görürsən ki, əməlli-başlı ağıllı adamların, sənət, ədəbiyyat, mədəniyyət adamlarının da arasında belə hallar baş verir. Onlara isə "padlo baraklar" arzu edirəm. 

Hazırda həbsdə olan bütün dostlarıma da can sağlığı arzulayır, tezliklə görüşməyi ümid edirəm. Allah qapınızı islah edib açsın, yoldaşlar.