Foto 18:22 03.01.2019

Üç yaşlı Aylinin müalicəsi üçün yığılan pul oğurlandı (FOTOLAR)

Leykoz xəstəliyindən əziyyət çəkən üç yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pullar naməlum şəxs tərəfindən oğurlanıb.

Bu barədə uşağın həkimi, pediatr Günay Rəsulova sosial şəbəkədə paylaşım edib.

"Aylin haqqında yazmışdım. Leykozdan əziyyət çəkən körpə. Məlum, uşağın atası da həyatda olmadığı üçün Aylinin müalicəsinə dəstək üçün hesab açmışdıq və bir miqdar məbləğ toplanmışdı. Yanvarın 1-i Aylinin vəziyyəti qəfildən pisləşdi.

Dünən gecə də Moskvadan azərbaycanlı bir şəxs özünü "həci” kimi təqdim edib kart və hesab nömrəsini istəyib. Deyib ki, hesaba 50 min manat pul köçürürəm, uşağı xaricə aparın. Ailə səhər kartdan pulu götürmək üçün gedəndə acı bir sürprizlə rastlaşır. Hesab boş. Aylardır nə əziyyətlə yığılan pul, ailənin tək ümid yeri, onkoloji xəstə uşağın müalicəsinə yığılan pula göz dikən bu "məxluq”un nömrəsi +79852706090 budur. Banka müraciət olunub, deyiblər ki, pul hansısa oyunlar üçün köçürülüb”.

A.Dadaşovanın anası Rahimə Dadaşovanın oxu.az-a verdiyi məlumata görə, hazırda Qan İnstitutunda müalicə alan Aylinin vəziyyəti nisbətən yaxşılaşıb:

"Dünən vəziyyəti pisləşmişdir. Bu gün nisbətən yaxşılaşma var. Amma müalicəsi üçün yığılan pullar vicdansız bir insan tərəfindən oğurlanıb. Müalicə üçün yığılan pulları çəkib qumara qoyublar”.

Uşağın dayısı Rahil Cəfərovun Oxu.Az-a verdiyi məlumata görə, həmin şəxs Aylinə yardım edəcəyini dediyi üçün ondan heç nə soruşmayıblar:

"Daha əvvəl də Aylinə yardım etmək üçün bizə zəng edirdilər. Kartın nömrəsini istəmişdilər, vermişdik. Çox vaxt adlarını, kimliklərini soruşanda Allah bəndəsi deyirdilər. Mən də ona görə soruşmadım ki, kimdir. Dedi ki, Rusiyadan zəng edirəm. Guya səkkiz yaşlı qızı Aylinin fotosunu görüb, pis olub. O da onun xətrinə bizə kömək etmək istəyib.

Türkiyədə müalicə üçün gərəkli olan 50 min manatı ödəmək istədiyini dedi. Kartın nömrəsini, Aylinin xəstəlik kağızlarını, anasının şəxsiyyət vəsiqəsini və başqa sənədlərin fotosunu da istədi. Hamısını çəkdim, atdım. Dünən olub bu söhbətlər. Bu gün getdim kartı yoxlamağa, balans boşalıb. Karta təxmini 4500-5000 manat arası məbləğ var idi. Hazırda gedirəm polisə ərizə yazmağa. Xahiş edirəm, bizə kömək edin”.

Qeyd ki, sosial şəbəkələrdə xüsusi proqramdan istifadə edərək, həmin nömrənin "Hüseyn Vaqif oğlu” adı ilə qeyd olunduğunu yazıblar.