İdman 19:27 20.01.2022

CAS Nurlan İbrahimovla bağlı qərar verdi

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.
 
Qaynarinfo xəbər verir ki, bu haqda İbrahimov şəxsi feysbuk səhifəsində paylaşım edib. O, bu addımdan sonra verilən qərarın hüquqi deyil, siyasi xarakterli olduğunu bildirib:
 
"CAS (Beynəlxalq Arbitraj Məhkəməsi) UEFA-nın analoqu olmayan qərarı ilə bağlı şikayətimizin cavabını 3-cü dəfə təxirə salaraq vədəni Martın 22-nə uzatdı. CAS bununla bir daha verilən qərarın hüquqi deyil siyasi olduğunu dolayısıyla təsdiqləyir. Hər uzanan gün ədalətsiz, təktərəfli mühakiməyə qarşı 1 ovuc dünyaya sığmayan insanın duası, inancı və əlbəttə sədaqətiylə aparılan mübarizədi. Öldürməyən zərbə daha da gücləndirir, haqqın əsla üzülməyəcəyinə və bir gün mütləq bərqərar olacağına inandırır".
 
44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" isə 100 000 avro cərimələnib. Bundan sonra İbrahimov klubdan ayrılıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınmışdı.
 
Səbuhi Həsənov